“Fikirləşdik, “ağ günə” çıxarıq” - İlk cinayətini 15 yaşında törədən məhkum - VİDEO

23 İyul 2019 12:25

Milli.Az bildirir ki, ARB TV-nin "Rezonans" proqramında bu dəfə məhkum Gülşad Ağasıyevin həyatından danışılıb.

Gülşad Ağasıyev - Məhkum (Cəzası - 6 il, ümumi 16 il): "Orta təhsilliyəm. Ailədə pis uşaq olmamışam. Bir az böyüdükdən sonra ağlım kəsməyib gedib cavanlara qoşulub cavanlıq etmişəm. Rahat yoldan pul qazanmışam. İlk cinayətimi 15 yaşımda törətmişəm. Qonşu ilə davamız oldu. Üstümdə gəzdirdiyim bıçaqla ona ürəyindən xəsarət yetirdim. Həmin adam öldü. O cinayətə görə 10 il cəza aldım, həbsxanada yatdım. Bir çox yerdə işlədim, amma o pulla irəliləmək mümkün olmadı. Daha sonra bir qohumumla birgə oturub söhbət etdik, fikirləşdik bəlkə, belə "ağ günə" çıxarıq. Oğurluq etdiyimiz vaxt ərzində tutulacağımı fikirləşməmişdim, arxayınlıq var idi. Lakin ondan sonra 9 ay azadlıqda olduğum müddətdə hər dəqiqə tutulacağımı düşünürdüm.

Oğurluq etdiyimiz evdə yaşayış yox idi. Yiyəsi Rusiyada yaşayırdı. Evin içində qiymətli əşyaların olduğunu bilirdik. Axşamüstü girəcəyimizi planlaşdırdıq. Getdik, hasardan həyətə aşdıq. Dəmir barmaqlıqları sındırıb evə girdik. Bir çox əşyalar vardı. Seçim etdik, nəyi götürə bilərik, nəyi yox. 1-2 əşya götürüb getdik. Kompüter, musiqi mərkəzi, videomaqnitafon və müəyyən məbləğdə pul götürdük. Sonra tutulacağımızdan qorxduq. Oğurladığımız əşyaları satıb, gəlib evi yandırdıq ki, əl izimiz qalmasın. Arxa otaqları neftlə yandırdıq, qabaq otaqda isə qazı açıq qoyduq ki, güclü partlayış olsun, heç bir əl izi qalmasın. Əşyaları satdığımız adam bizim oğurluq etdiyimizi başa düşərək əşyaları polis bölməsinə təhvil verib. Evin yiyəsi də əşyaların onun olduğunu təsdiq etdikdən sonra bölməyə çağırıldıq. Cinayəti bizim törətdiyimiz sübuta yetirildi. Oğurladığımız pulla maşın almışdım. Həmin maşınla qəza keçirdim. Yataqda xəstə yatdım".

Milli.Az