Cüdoçularımız Avropa kubokunda 4 medal qazandılar

22 İyul 2019 15:05

Çexiyanın paytaxtı Praqa şəhərində gənc cüdoçular arasında keçirilən Avropa kuboku yarışına yekun vurulub. 

Milli.Az xəbər verir ki, beynəlxalq turnirin son günü Azərbaycan millisi aktivinə daha bir medal yazdırıb.

+100 kq çəki dərəcəsində mübarizə aparan cüdoçumuz İmran Yusifov bütün rəqiblərinə qalib gələrək 1-ci yeri tutub. İdmançımıza Avropa kubokunun qızıl medalı təqdim olunub və onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Beləliklə Azərbaycan cüdoçuları Praqada 2 qızıl və 2 bürünc medal qazanıblar. Yarışın ilk günü Rövşən Əliyev qızıl, Rəşad Yelkiyev və Davud Abbaslı isə bürünc medala sahib olub.

Qeyd edək ki, Avropa kubokunda 39 ölkədən 437 cüdoçu mübarizə aparıb.

Milli.Az