Açıq-saçıq geyinmək dəb deyil - Modelyer izah edir

21 İyul 2019 12:40

Əsl xanım və kişi kimi görünməyinizi  istəyirsinizsə, düzgün geyim  tərzi seçməlisiniz.

Təbii ki, seçdiyiniz  və özünüzə  uyğun gördüyünüz geyimlə , sizi  ilk görən  insanda müəyyən bir fikir formalaşdırmış  olursunuz.

Bəzən elə geyim tərzləri olur ki, həddən artıq açıq-saçıqlığı ilə digərlərindən seçilir. Bu geyim tərzinə bəzi xarici ölkədə normal baxsalar da, Azərbaycanda isə yaxşı baxmırlar. Belə geyinənləri qınaq obyektinə çevirilər. Hətta elələri olur ki, birbaşa əxlaqla əlaqələndirir. Bir məsəl var "insanı geyiminə görə qarşılayarlar, ağlına görə yola salarlar". Həqiqətənmi, açıq-saçıq geyim tərzi dəbin bir növüdür, yoxsa xaricdən gələn bir tendensiyadır?

Milli.Az bildirir ki, modelyer Gülnarə Xəlilova Modern. az-a deyib ki, hər bir dizaynerin, belə deyək, tanınmış brendlərin kolleksiyasiyalarında bağlı orta, açıq geyimlər yer alır.

"Ancaq açıq geyim dəb hesab olunmur. Açıq-saçıq geyim tərzi dəbli olmaq deyil. Təbii ki, bu insanların öz şəxsi seçimləridir. Kimisi açıq-saçıq geyimi sevir, kimisi isə bu geyim tərzindən təmamilə uzaq gəzir. Bu istəyə bağlı bir şeydir".

Modelyer onu da qeyd edib ki, bu cür geyim tərzi  nə gündəm,  nə də ki,  xarici  ölkədən gələn bir dəb  anlayışıdır ".

" Bir həqiqət də var ki, xarici ölkələrdə elə yerlər olur ki, havalar isti olduğundan   insanların bu cür geyinməyi təbii hal hesab olunur. Yaşanılan ölkəyə görə belə geyim tərzləri dəyişir".

Stilist Nərmin İbrahimova isə açıqlamasında bildirib ki, ümumiyyətlə geyim hər kəsin öz dünyagörüşü və zövqü ilə bağlıdır.

"Heç kim  kimisə məcbur deyə bilməz ki, qapalı geyin. Hər halda bu ailədən gələn bir şeydir. Ailə icazə verirsə, bu formatda geyim tərzini qəbul edirsə, niyə də geyinməsin ki? "

O bildirib ki, əgər konkret olaraq gənclərdən söhbət gedirsə , buna ailə qarışmalıdır.

"Bu barədə kiməsə söz demək istəmərəm. Hər kəsin sərbəst geyinmək haqqı var. Təbii ki, hər geyimin də öz yeri və məkanı var. Bəzən gənc  xanımlarımız məkanın fərqinə varmadan,  geyim tərzlərini düzgün seçmirlər. Çimərliyin, restoran və çölün hərəsinin öz  fərqli  geyimi var. Hələ də elələri var  elə bilirlər ki, bu daha fərqli və dəbli geyinib. Bəzən küçələrdə çimərlik geyiminə yaxın geyimlərlə də gəzənlərə rast gəlirik".

Təbii ki, müsəlman ölkəsiyik , bu cür geyim tərzləri bəzi insanlarda aqressiya yaradır. Amma bizim haqqımız yoxdur ki,  kiminsə geyiminə müdaxilə edək. Hərkəsin  seçim  azadlığı var.

"Mən bir stilist kimi açıq- saçıq geyim tərzinə  pis baxmıram. Əgər yaraşırsa, bədən ölçüləri normal çəkidədirsə, qıraqdan baxanda iyrənc görünmürsə, geyinməyində bir problem görmürəm. Mənim üçün adi bir şeydir. Hərkəs özünə cavabdehdir".

Stilist Nərmin İbrahimova yayın ən dəbli rəngini də söyləyib.

"Sarı  və yaşıl çalarları özündə əks etdirən elektra , neon rənglər hal-hazırda aktualdır. Qarışıq neon və əlvan  rənglər yayın  dəbli rəngidir. Həmçinin güllü əlvan parçalar da yayın ən dəbli parçalarından hesab olunur. Çünki özündə bir pozitivlik və rahatlıq əks etdirir".

Milli.Az