Netflix servisi öz istifadəçi kütləsini itirir

23 İyul 2019 08:55

8 il ərzində ilk dəfə olaraq Netflix servisi ABŞ-da öz istifadəçi kütləsinin azalması barəsində xəbər verib. Bu ilin ikinci rübündə 130.000 istifadəçi bu servisdəki abunəliyini dayandırıb. Halbu ki, şirkət 300.000 yeni istifadəçinin cəlb olunacağını gözləyirdi. Bu barədə Macdigger saytı xəbər verib. Hətta servisin ən uğurlu layihələrindən biri olan "Stranger Things" serialının üçüncü sezonunun təqdim olunması da bu vəziyyəti dəyişməyib.

Milli.Az technote.az-a istinadən bildirir ki, bütün dünya üzrə Netflix 2.5 milyon yeni istifadəçi qazanıb. Şirkət isə 5 milyon yeni istifadəçinin əldə olunmasını gözləyirdi. Servisin ümumi istifadəçi kütləsinin sayı isə 151.5 milyon insan təşkil edib. Servisin rəhbəri Reed Hastings bu cür göstəricilərin streaming servislər bazarındakı rəqabətin yüksəlməsi ilə əlaqəli olması fikrindən imtina edib.

Bir neçə müddət bundan öncə məlum oldu ki, Netflix ABŞ-da məşhur olan Friends və The Office kimi seriallardan məhrum olacaq. Reed Hastings-in fikrincə məsələ servisin yeni qiymət siyasətində və orijinal kontent azlığındadır.. Belə ki, servis öz abunəlik qiymətini bu ilin yanvar ayında yüksəltmişdi. Növbəti rübdə servis 7 milyon yeni istifadəçinin qoşulacağını gözləyir. Bundan əlavə olaraq servisin gəliri də 271 milyon dollara kimi düşüb. Bu xəbərin fonunda Netflix-in səhm qiymətləri 12% aşağı düşüb.

Milli.Az