“Neftçi” futbol tariximizə düşdü

19 İyul 2019 13:18

Dünən Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşündə "Speranta"ya 6:0 hesabı ilə qalib gələn "Neftçi" futbol tariximizə düşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,bu uğur sayəsində "ağ-qaralar" bir oyunda rəqibin qapısından 6 və daha artıq top keçirən ilk Azərbaycan klubu olub. Bunadək "Qarabağ" "Samtredia"nı (Gürcüstan), "İnter" (indiki "Keşlə") "Trans Narva"nı (Estoniya) 5:0 yenməyi bacarmışdı. "Neftçi" avrokuboklarda iki oyunun nəticəsinə görə (9:0) rəqibin qapısından ən çox top keçirən Azərbaycan klubu adına da yiyələnib.

İndiyə qədər klublarımızın avrokuboklarda iki oyunun nəticəsinə görə  ən böyükhesablı qələbələrini "Qarabağ" "Banqa" (Litva), "İnter" (indiki "Keşlə") "Trans Narva" (Estoniya) üzərində qazanmışdı (7:0).

Əlavə edək ki, iki oyunun nəticəsinə əsasən, "Speranta"ya 9:0 hesabı ilə (3:0 səfərdə, 6:0 evdə) qalib gələn Bakı klubu Avropa Liqasında ikinci mərhələyə də yüksəlib.

Milli.Az