Gerye "Qarabağ"dan bu səbəbə QOVULUBMUŞ - TƏFƏRRÜAT

18 İyul 2019 17:44

"Qarabağ"ın müqaviləsini pozduğu haitili futbolçu Vild-Donald Geryenin Ağdam klubunun düşərgəsinə gec gəlməsinin səbəbi bəlli olub.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, Haiti mətbuatının yazdığına görə, 30 yaşlı sol cinah oyunçusu 15 iyun - 7 iyul tarixlərində ABŞ, Kosta Rika və Yamaykanın birgə təşkilatçılığı ilə keçirilmiş "Gold Cup" turnirində mübarizə aparıb.

Şimali, Mərkəzi və Karib dənizi hövzəsi ölkələrinin futbol komandalarının çıxış etdiyi turnirdə Haiti millisi qrupda bütün rəqiblərinə qalib gələrək lider olub. Kanada ilə görüşdə üçüncü qolu vurmaqla komandasını yarımfinala çıxaran Gerye iyulun 2-də turniri tərk edib. Çünki Haiti həmin gün sonradan turnirin qalibi olacaq Meksikaya əlavə vaxtda 0:1 uduzaraq mübarizəni dayandırıb və Yamayka ilə birgə yarışın üçüncüsü olub.

Bundan sonra o, Haitiyə qayıdıb və iyulun 9-da ölkə Prezidenti Jovenel Moizin qəbulunda olub. Bu görüşdə Haitinin Baş naziri, Gənclər və İdman naziri, həmçinin Haiti Futbol Federasiyasının Baş katibi iştirak ediblər. Yeri gəlmişkən, Gerye Prezidentin qəbulunda olan üç futbolçudan biri olub.

Həmin gün yerli vaxtla saat 15:30-dan axşam 20:00-dək Geryenin məşhur olduğu cənub bölgəsində yerləşən, ölkənin üçüncü böyük şəhəri Le Kedə yerli camaat kütləvi şəkildə onu qarşılayıb. İnsanlar "Səni salamlayırıq, Donald, bizim haitili Messimiz" deyə futbolçunun şəninə tərif yağdırıblar.

Bununla belə, Gerye yenə "Qarabağ"ın düşərgəsinə iyulun 10-da qoşulmalı olsa da, o buna tələsməyib. Futbolçu iyulun 15-də doğma şəhərində ölmüş qızı Mianın adına gecə klubunun açılışını edib. Bu isə "Qarabağ" rəhbərliyinin səbir kasasını daşıran son damla olub.

Yeri gəlmişkən, Donald Gerye "Qarabağ"dan ayrılması ilə bağlı "Instagram"da paylaşdığı postunda incikliyini və maaşı ilə bağlı müqaviləsinin şərtləri ilə razılaşmadığını bildirib:

"Qarabağ"da oynamaq xoş idi. Amma müqaviləmiz mənim xeyrimə deyildi. Ona görə də klubla müqaviləmizin pozulması barədə razılığa gəldik".

"Qarabağ" Donald Gerye ilə müqaviləsini pozduğunu dünən açıqlayıb.

Milli.Az