Zavodda yıxılan fəhlə öldü

16 İyul 2019 17:59

Gəncə şəhərində zavodda işləyən fəhlənin yıxılaraq ölməsi hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Milli.Az xəbər verir ki, Gəncə şəhər prokurorluğundan qafqazinfo-ya verilən məlumata görə, iyulun 12-də saat 20 radələrində Gəncə şəhər Çini qablar zavodunun ərazisində yerləşən metal əritmə sexində işləyən Əsədov Nicat Fizuli oğlu yıxılıb xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Prokurorluq və polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Məlum olub ki, 1989-cu il təvəllüdlü Gəncə şəhəri, Məhsəti qəsəbəsi sakini Əsədov Nicat Fizuli oğlu Gəncə şəhəri, Çini qablar zavodunun ərazisində yerləşən metal əritmə sexində dam örtüyü düzəldən zaman yerə yıxılaraq xəsarət alıb. İyulun 13-də Nicat Əsədov aldığı xəsarətlər səbəbi ilə vəfat edib.

Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.