Həmd etməyin faydaları

18 İyul 2019 21:15

İmam Cəfər Sadiqdən (ə) soruşdular: "Hansı əməl Allahın ən çox xoşuna gəlir?" Cavab verdi: "Ona həmd etmək" (Üsul əl-Kafi, Kitab əl-dua, bab 27, hədis 2).

İslam müqəddəslərindən rəvayət edilmiş hədislərdən məlum olur ki, Allahın verdiyi nemətlərə görə həmd etmək həmin nemətlərin daha da artmasına səbəb olar. Əksinə, nankorluq edib Allahın həmdini yerinə yetirməyən şəxsin xeyir-bərəkəti çəkilər. Mərhum Şeyx Səduq "Əmali" kitabında Həzrət Mühəmməd Peyğəmbərdən (s) bu hədisi rəvayət edib:

Milli.Az islam.az-a istinadən bildirir ki, "Bəndə "əl-həmdu lillahi Rəbbil-aləmin" ayəsini deyəndə Allah-Taala mələklərə xitab edib buyurar: "Bəndəm Mənə həmd etdi. Şəhadət verib təsdiq etdi ki, aldığı hər nemət Mənim tərəfimdən verilib, hər bəladan yalnız Mənim mərhəmətim sayəsində xilas olur. Siz də şahid olun ki, bu bəndəmə verdiyim dünya nemətləri üzərinə axirət nemətlərini də əlavə edirəm, dünya bəlalarını onlardan uzaqlaşdırdığım kimi axirət əzabını da ondan uzaqlaşdırıram" (Şeyx Səduq. Əmali, məclis 33, hədis 1).

İmam Əli ibn Əbutalib (ə) öz qısa kəlamlarında Allaha həmd etməyin faydalarını belə açıqlamışdır: "Kim Allaha həmd etsə, daha da ehtiyacsız olar" (Ğürər əl-hikəm, 9098-ci kəlam). "Hər kim nemətdən sonra həmd etsə, Allah bu həmdi onun üçün nemət artımının açarı qərar verər" (Ğürər əl-hikəm, 8898-ci kəlam).

Allahın lütf və mərhəmətindəndir ki, Ona həmd etməklə bəzi xəstəliklərdən də şəfa tapmaq mümkündür. Həzrət Əli (ə) buyururdu ki, hər kim asqırandan sonra "əl-həmdu lillahi Rəbbil-aləminə əla kulli hal" ("Hər bir halda, hər zaman aləmlərin Rəbbi olan Allaha həmd olsun") desə, o adamın qulaqları və dişləri ağrımaz" (Həvizi Şirazi. Nur əl-səqəleyn təfsiri, 1-ci cild, səh. 16).

Hər bir duanın Allah tərəfindən qəbul edilməsinin şərtlərindən biri də duadan əvvəl Allaha həmd etməkdir. Bu barədə İmam Sadiq (ə) belə buyurub: "Əvvəlində həmd olmayan hər bir dua yarımçıq və naqisdir" (Üsul əl-Kafi, Kitab əl-dua, 27-ci bab, hədis 6). Başqa bir hədisdə buyurulur: "Hər kim Allahdan dünya və axirətə aid bir hacət (istək) istəsə, həmdü-səna ilə başlasın, Peyğəmbərə və Onun Əhli-beytinə salavat göndərsin, sonra istəyini diləsin" (Şeyx Təbrisi. Məkarim əl-əxlaq).

Necə həmd etməliyik?

İnsan hər bir halda Allaha həmd etməlidir. Əsl mömin həm yaxşı, həm də pis gündə Allahın həmdini yerinə yetirər. Çünki Allahdan gələn hər nemət və hər qəza məsləhət üzündəndir. İnsan hər müsibətlə üzləşəndə başa düşməlidir ki, bundan daha dəhşətli bir bəla ilə qarşılaşa bilər. İnsan dərk etməlidir ki, Allah hər bəlanı verdiyi kimi almağa da qadirdir və düşdüyü ağır vəziyyətdən insanı yalnız səbir, həmd və təvəkkül xilas edə bilər.

Həzrət Mühəmməd Peyğəmbəri (s) sevindirən bir hadisə baş verəndə buyurardı: "Əl-həmdu lillahi əla hazihin-nemə" ("Bu nemətə görə Allaha həmd olsun"). Əksinə, başına bir müsibət gəlsəydi, deyərdi: "Əl-həmdu lillahi əla kulli hal" ("Hər halət üçün Allaha həmd olsun") (Üsul əl-Kafi, Kitab əl-iman və-l-küfr, Şükr babı, hədis 19).

Başqa bir hədisdə deyilir ki, Peyğəmbər (s) insan bədənində 360 damar olduğunu bildirmişdir; bunların 180-i sakit, 180-i hərəkətdədir. Əgər hərəkətli damarlar aram olsa, yaxud sakit damarlar hərəkətə gəlsə, insan yata bilməz. Həzrət Rəsulullah (s) hər səhər bu damarların sayı qədər (360 dəfə) həmd edib deyərdi: "Əl-həmdu lillahi Rəbbil-aləminə kəsirən əla kulli hal" ("Aləmlərin Rəbbi olan Allaha hər halət üçün çoxlu həmd olsun"). Axşamlar da bu zikri həmin miqdarda təkrar edərdi (Üsul əl-Kafi, Kitab əl-dua, 27-ci bab, hədis 4). Peyğəmbərimiz (s) buyururdu ki, behiştə ilk daxil olanlar - həm yaxşı, həm də pis günlərində Allaha həmd edənlər olacaq (Dəşti. Məarif və məariyf, 4-cü cild, səh. 660).

Milli.Az