Deputat: "Ölkəyə, onun rəhbərliyinə şər-böhtan atanların əməllərinə hüquqi qiymət verilməlidir"

13 İyul 2019 13:34

"Ölkədən kənarda yaşayan bəzi mühacirlər - Orduxan Teymurxan, Sevinc Osmanqızı və bu qəbildən olan digərləri Azərbaycanın əleyhinə təbliğat aparmaqla məşğuldurlar. Onlar satqınlıq edirlər, erməni lobbisindən, Azərbaycanı sevməyən qüvvələrdən dəstək alırlar. Çalışırlar ki, Azərbaycanı beynəlxalq aləmdə nüfuzdan salsınlar".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, həmin şəxslər ölkədə aparılan uğurlu iqtisadi siyasəti görməzdən gəlirlər. Daim qarayaxma kampaniyası aparmaqla, böhtan atmaqla məşğuldurlar: "Sosial şəbəkələr vasitəsilə Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd olan söyüş və təhqirlər səsləndirirlər. Təbii ki, elə satqınları Azərbaycan xalqı lənətləyir, əməllərini pisləyir. Azərbaycan hər hansı bir beynəlxalq uğura imza atan kimi onlar hərəkətə keçirlər, əks-təbliğat aparırlar. Bunlarla bərabər, ölkə daxilində eyni mənbədən qidalanan radikal müxalifət də var.

"Milli Şura" adlandırılan təşkilat, xüsusilə Cəmil Həsənli, Gözəl Bayramlı, Əli Kərimli kimi şəxslər ölkə əleyhinə təbliğat aparmaqla məşğuldurlar. Onlar Azərbaycanda həyata keçirilən hər bir islahatı ləkələməyə çalışırlar. Bu il Prezident İlham Əliyev sosial rifahın yaxşılaşdırılması üçün sərəncamlar imzaladı. Radikal müxalifət hər vəchlə bu müsbət addımı gözdən salmağa səy göstərir, aparılan islahatlarda öz təsir güclərinin olduğunu zənn edirlər. Bir sözlə, bu şəxslər yalan danışmağa, hər şeyə mənfi münasibət göstərməyə öyrəşiblər".

Deputat vurğulayıb ki, Azərbaycanın hüquq mühafizə orqanları ölkəyə, onun rəhbərliyinə şər, böhtan atanların əməllərinə hüquqi qiymət verməlidir:

"İnanırıq ki, Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən ölkəmizin imicinə zərər gətirən şər-böhtançılara layiqli hüquqi qiymət veriləcək. Həmin şəxslər nə qədər gec deyil, Prezident İlham Əliyevdən və Azərbaycan xalqından üzr istəməlidirlər".

Milli.Az