Bakı ATƏT-in lal sükutunu pozdu: "hücüm diplomatiyası" bəhrəsini verir

12 İyul 2019 19:27

Azərbaycan diplomatiyası qarşısında dövlətin və xalqın qoyduğu tələblər yerinə yetirilir. Həmin tələblərin qayəsini dövlət başçımız İlham Əliyevin hələ AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri olarkən əldə olunmuş uğurlar təşkil edir.

Dövlətlə xalqın sınırlarımızın içindəki bədxahlarının və sərhədlərimizdən kənarda olaraq bizə düşmən kəsilənlərin bütün cəhdlərinə, Sizif əməyinə qarşı həmin uğurların preambula olduğu siyasət davam edir, sonuclar da göz önündədir.

AŞPA-da Azərbaycanın ərazi bütövlüyü və sərhəd toxunulmazlığı, Ermənistanın işğalçı qismində tanınması ilə bağlı önəmli qərarlar qəbul olunub.

Məzkur sənədlərdən sonra presedentiv proses başlandı, digər nüfuzlu beynəlxalq təşkilatlarda Cənubi Qafqazdakı situasiya, xüsusilə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilən qətnamələrdə Azərbaycanın haqlı tələbləri nəzərə alındı. Bu, postsovet məkanındakı lokal münaqişələrlə və separatizmlə bağlı vahid yanaşmanın formalaşmasına təkan vermişdi.

2017-ci ilin noyabrın 24-də Avropa İttifaqının sammitində yekun bəyannamədə "Şərq Tərəfdaşlığı" ölkələrinə dair hissəsində "Şərq Tərəfdaşlığı" üzv ölkələrinin ərazisindəki münaqişələrin dövlətlərin ərazi bütövlüyü və dövlət suverenliyi əsasında həllinə çağırış müddəası öz əksini tapdı.

ATƏT-in Parlament Assambleyası isə sanki bir istisna idi. Qurum uzun müddət işğalçı Ermənistana loyal münasibət sərgiləyir, baş verənlərə obyektiv qiymət verməyə, prosesləri dəyərləndirməyə tələsmirdi.

Fəqət, ATƏT PA-nın son qətnaməsi bu kontekstdə İlham Əliyevin milli maraqlara və dövlət mənafelərinə əsaslanan "hücum diplomaiyası" prizmasından ölkəmizin yeni uğurudur.

"ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən son sessiyasında fəaliyyətinə görə nümayəndə heyətimizə dərin təşəkkürümü bildirmək istəyirəm. Azərbaycan üçün ATƏT Parlament Assambleyasının çox gözəl sessiyası keçirildi".

Bunu Milli Məclisinin spikeri Oqtay Əsədov bildirib. Vitse-spiker, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə deyib ki, məqsəd davamlı inkişaf məqsədlərinə həsr olunmuş sessiyada Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu və status-kvonun dəyişməsinin zəruriliyi barədə məlumat vermək, illik sessiyanın gündəliyindəki məsələlər barədə təkliflər irəli sürmək, eyni zamanda ATƏT-in rəhbər qurumlara Azərbaycanın nümayəndəsinin seçilməsinə nail olmaq olub: "ATƏT PA-nın yekun Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyü barədə məsələlərin yer almasına nail olmalı idik. Azərbaycanın maraqlarını ifadə edən bir çox məsələ həm məruzədə, həm də məruzə əsasında hazırlanan Bəyannamədə əksini tapmışdı. Düzəliş və təkliflərimiz təqdim olunmuşdu. Geniş dəstək qazanmaq üçün 57 ölkənin nümayəndə heyətinə xüsusi məktublar göndərmiş, dəstək istəmişdik. Xarici işlər Nazirliyi də diplomatik missiyalara müvafiq tapşırıq vermişdi. Aparılan intensiv işin nəticəsi sessiyanın ilk günündə hiss olunmağa başlandı. Sessiyanın birinci iclası Daimi Komitənin iclası idi. Qeyd etdiyim məsələlərə dair istək və tövsiyələrimizi bildirdik. Yekun Bəyannamənin ikinci maddəsində qeyd edilib ki, ATƏT PA və üzv ölkələr ölkələrin suverenliyi, sərhədlərin toxunulmazlığı, münaqişələrin sülh yolu ilə həlli, beynəlxalq hüquqa vicdanla riayət olunmasına çalışmalıdır. Bu Bəyannamədə bütün məsələlər Azərbaycanın maraqları çərçivəsindədir. 10-cu maddədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülhün təmin olunması üçün ATƏT-in Minsk Qrupu davamlı səylər göstərməyə çağırılır. 25-ci maddədə isə daxili məcburi köçkün və qaçqınlara öz yaşadıqları yerlərə maneəsiz qayıtmağa çağırış yer alıb. Bir maddə də digərində irəli sürülən məsələləri tamamlayır".

B.Muradova qeyd edib ki, əsas məsələ Siyasi Komitənin iclasında müzakirə olunan və Bəyannamənin 22-ci maddəsində yer alan məsələdir: "22-ci maddədə ilk dəfə Gürcüstan, Moldova, Ukrayna və Azərbaycandakı münaqişələrə eyni prizmadan yanaşılması əksini tapıb. Hər zaman Dağlıq Qarabağ münaqişəsi ayrı qeyd edilirdi. Ermənistan Dağlıq Qarabağ münaqişəsinin unikal məsələ olduğunu bildirirdi. İlk dəfə bu münaqişələr vahid maddədə toplandı və bir prizmadan qiymətləndirildi. ATƏT PA razılaşdırılmış format daxilində 4 ölkədə münaqişələrdə sülh əldə etmək məqsədilə danışıqları aktivləşdirməyə çağırır. Bu, sessiyadakı Bəyannamə ATƏT-in vahid mövqeyini göstərdi. Budan sonra ATƏT-in bu sənədinə istinad etməyə məcburdurlar. Bu sənəd ATƏT Nazirlər Şurasına təqdim olunub. Burada Dağlıq Qarabağ sözünün olmaması, münaqişə ölkələrinin adının, Azərbaycanın adının göstərilməsi vacib məqamdır. Məruzədə isə hətta işğal altındakı 7 rayonun da adı sadalanır".

B. Muradova nəzərə çatdırıb ki, ermənilər dəfələrlə Bəyannamədən Azərbaycanın adının çıxarılmasına çalışıblar: "6 ölkə Azərbaycanın adının həmin maddədən çıxarılmasına səs verdi, 47 ölkə isə bunun əleyhinə çıxdı. Mən bu dəstəyə görə hər kəsə təşəkkür etmək istəyirəm. Münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində artıq Azərbaycanın adını bu siyahıdan çıxarmaq mümkün olmayacaq".

Vitse-spiker daha sonra vurğulayıb ki, ATƏT PA üzv ölkələri konflikt zonalarında və işğal altındakı ərazilərdə əziyyət çəkən insanların, qaçqın və məcburi köçkünlərin maraqlarını nəzərə almağa çağırır: "Həmçinin işğalçı ölkələr öhdəliklərə diqqət yetirməyə, insan haqlarını pozmamağa da çağırılır. Bu gün Ermənistan işğalçı kimi Dağlıq Qarabağdakı ermənilərin hüquqlarının pozulmasına görə də məsuliyyət daşıyır. 67-ci maddədə qeyd edilir ki, qaçqın və məcburi köçkünlərin öz yaşayış yerlərinə könüllü qayıdış hüququ təmin olunmalıdır. Həmin insanların pozulmuş hüquqlarının bərpası tələb olunur. Bu Bəyannaməyə səs verən 57 ölkə Azərbaycanın mövqeyini müdafiə etmiş oldu".

B.Muradova Azay Quliyevin yenidən ATƏT PA-nın vitse-prezidenti seçilməsinin də böyük uğur olduğunu vurğulyaıb.

ATƏT Parlament Assambleyasının Luksemburqda keçirilən 28-ci illik sessiyası çərçivəsində Parlament Assambleyasının Demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsində ATƏT regionunda mövcud konflikt və ziddiyyətlərin davam etdiyi bir şəraitdə insan hüquqlarının qorunması vəziyyəti və iştirakçı ölkələrə çağırışlar müzakirə edildi. Komitənin 102 paraqrafdan ibarət olan qətnamə layihəsində ATƏT regionunda insan hüquqları ilə bağlı mövcud vəziyyətin daha da yaxşılaşdırılması üçün çağırışlar öz əksini tapıb.

Qətnamə layihəsində Azərbaycan üçün əsas maraq kəsb edən məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğalçılıq siyasəti nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların humanitar sferada pozulmuş hüquqlarının, Ermənistan-Azərbaycan sərhədyanı bölgələrdə yaşayan insanların isə təhlükəsiz yaşamaq hüquqlarının qorunmasının və bərpa edilməsinin vacibliyinin Yekun Deklarasiyada öz əksini tapması idi.

Qətnamə layihəsində konflikt zonalarında və işğal edilmiş ərazilərdə insanların humanitar sferada əsas azadlıq və hüquqlarının qorunması öz əksini tapsa da, mövcud yanaşma Azərbaycanı tam qane etmirdi. Çünki bu yanaşma Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində münaqişə zonalarında yaşayan insanlarla yanaşı, münaqişə nəticəsində əraziləri tərk etmiş qaçqın və məcburi köçkünlərin humanitar hüquqlarının qorunması və bərpa edilməsini əhatə etmirdi. Azərbaycan nümayəndə heyətinin qətnamə layihəsinə müvafiq təklifi artıq qeydiyyata alınmışdı və əvvəlcədən də dəyişiklik ətrafında müzakirələrin gedəcəyi gözlənilirdi.

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin sədr müavini Tahir Mirkişilinin dediyinə görə, təklifin əsas mahiyyəti münaqişə zonalarında və işğal olunmuş ərazilərdə insanların humanitar hüquqlarının qorunması ilə yanaşı, münaqişənin və ərazilərin işğal olunması nəticəsində insanların humanitar sahədə pozulmuş hüquqlarının qorunmasından ibarət idi. Dəyişikliyin əhəmiyyəti, əsasən, 5 istiqamətdə idi:

1. Ermənistanın işğal etidiyi Dağlıq Qarabağ və ətraf rayonlarda etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar yaşamır. Humanitar sahədə insan hüquqlarının qorunmasının universial olması Azəbaycanın əsas mövqeyidir və bu mövqe beynəlxalq normalara əsaslanır. Dəyişiklik Azərbaycanın bütün vətəndaşlarının, Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasının, işğal olunmuş rayonların qaçqın və məcburi köçkün əhalisinin humanitar sahədə pozulmuş hüquqlarının qorunmasını əhatə edirdi.

2. Ermənistan-Azərbaycan münqaşəsi Dağlıq Qarabağ ətrafından başqa, Azərbaycanın digər bölgələrində də insanların təhlükəsiz yaşamaq kimi humanitar hüquqlarının pozulmasına səbəb olub. Bu mənada təklif edilən dəyişiklik onların da humanitar sahədə hüquqlarının qorunmasını, yəni işğalçı Ermənistanın siyasətinin qəbul olunmazlığını əhatə edirdi.

3. Dəyişiklikdə münaqişə zonası ilə yanaşı, "ərazilərin işğal olunması" termininin öz əksini tapması Azərbaycan ərazilərinin işğal olunması faktını bir daha vurğulayırdı.

4. Ərazilərin işğal olunması nəticəsində humanitar sahədə hüquqları pozulmuş insanların hüquqlarının qorunması və bərpa edilməsi - onların daimi yaşadıqları ərazilərə geri dönməsi anlamına gəlir ki, bu da işğala son qoyulmasına çağırış demək idi.

5. Qətnamə layihəsində beynəlxalq hüquq normalarını pozaraq digər ölkələrin ərazilərini işğal edən, ordakı şəhələri xarabalıqlara çevirən ölkələrlə təcili surətdə işğal olunmuş ərazilərin qanuni sakinlərinin hüquqlarının bərpa olunmasına çağırış da öz əksini tapmışdı.

Komitədə müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən ölkələrin sayının çox olması və qətnamə layihəsinin müəllifinin də Azərbaycanın mövqeyini dəstəkləməsi dəyişikliyin əleyhinə çıxan Ermənistan nümayəndə heyətini geri çəkilməyə məcbur etdi. Və, beləliklə, Azəbaycanın təklif etdiyi dəyişiklik qətnamə layihəsinə yekdilliklə qəbul edildi və ATƏT PA-nın Yekun Deklarasiyasında öz əksini tapdı.

... Bakının "hücum diplomatiyası" davam edir.

Ermənistan hələlik diplomatik hücumlarımıza məruz qalıb.

Status-kvo dəyişməsə, Dağlıq Qarabağ münaqişəsi zonasında həmin diplomatiya işğalçılar üçün məğlubiyyətlə sonuclanacaq savaşa çevrilə bilər.

Elçin Alıoğlu
Milli.Az