Pomidor zəhərli maddələri orqanizmdən təmizləyir

12 İyul 2019 21:59

Pomidor ən çox istifadə edilən tərəvəzlərdən biridir. Onun yetişdirilməsinin çox maraqlı tarixi var. İlk dəfə sarı rəngli pomidor yabanı halda Boliviya və Peruda tapılıb. Sonra isə onu bəzək bitkisi kimi Meksikada yetişdiriblər. Bir neçə əsr ərzində seleksiyaçılar nəinki sarı, çəhrayı, bənövşəyi, hətta digər rənglərdə də pomidor yetişdirməyə nail olub və bitkinin görkəmini dəyişərək çoxlu yeni sortlar yaradıblar. İlk pomidorların sarı olduğu ehtimal edilir və buna görə də ona Pomo d'Oro - "qızıl alma" adı verilib. Peruda isə onu "tomatl" -"böyük giləmeyvə" adlandırırdılar. Xristofor Kolumbun Amerikanı kəşf etməsindən sonra gəmilərlə Avropaya gətirilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, pomidor 1500-cü illərin ortalarına qədər zəhərli bitki sayılıb. Sonralar onun zəhərsiz olduğu aşkar edilərək yeyilməyə başlanılıb. Onu əsasən qızardaraq və ya qaynadaraq yeyirdilər. Pomidorun çiy şəkildə istifadə edilməsi bir aşpazın salatlarda istifadəsindən sonra başlanılıb.

Amerikada pomidoru tərəvəz kimi becərən Tomas Ceferson olub. 1900-cü ilə qədər Amerikada onu zəhərli hesab etdiklərinə görə becərmirdilər. Tədricən avropalılar pomidoru sevgi bəxş edən tərəvəz kimi qəbul edərək "məhəbbət alması" adlandırıblar.

Antioksid tərkibə malik olan pomidor orqanizmə yığılan zəhərli maddələri təmizləyir, qanın durulmasına kömək edir. Mədə-bağırsağın fəaliyyətinə, böyrək daşlarının düşməsinə müsbət təsir göstərir. Ondan kosmetik vasitə kimi də istifadə etmək olar, dəriyə təmizlik və gözəllik verir. Yanıq zamanı və həşərat dişlədiyi yerlərin müalicəsində çox faydalıdır.

Milli.Az