Özünü gözləmək kontekstində insanın əsas vəzifələri

13 İyul 2019 23:15

Bismilləhir-Rahmənir-Rahim!

Allaha həmd olsun ki, bizlərə bu həyatı, nemətlərini, ömür nemətini nəsib edib. Allahdan istəyimiz budur ki, bizlərə bu nemətlərinin əməli şükrünü etməsi nəsib etsin!

Allahdan istəyirik ki, hallarımıza, durumlarımıza xüsusi inayətlər etsin, bizi bağışlanmışlardan, tövbəkarlardan qərar versin!

Allahdan diləyirik ki, bizlərə yaxşı bəndələri üçün nələri nəzərdə tutubsa, onlardan nəsib etsin!

Önəmli bir mənəvi qırxgünlüyün içərisindəyik. Allahdan istəyirik ki, bu mənəvi əyyamdan bəhrələnmə fürsətini nəsib etsin. Diləyirik ki, bu qırxgünlüyün içərisində olan mənəvi təkamül imkanlarından istifadə edə bilək.

Allahın iman əhlinə xəbərdarlığı

Rəbbimiz Qurani-Kərimdə "Maidə" surəsinin 105-ci ayəsində bütün iman əhlinə müraciət edir: "Ey iman gətirənlər, özünüzü gözləyin! Əgər siz özünüz doğru yolda olsanız, yolunu azmış kəs(in zəlaləti) sizə heç bir zərər yetirə bilməz (hərçənd ki, onu da doğru yola dəvət etməlisiniz). Hamınızın qayıdışı Allaha tərəfdir. Beləliklə O, sizi etdiklərinizdən xəbərdar edəcəkdir".

Bəli, mənəvi qırxgünülüyün içərisindəyik. Hər birimiz üçün böyük təkamül imkanları var. İlk olaraq onun fərqində olmalıyıq ki, Allah Təala hər bir iman əhlinə, hər bir bəndəsinə müraciət edir və özümüzlə məşğul olmağın, özümüzdən müraqib olmağın vacibliyini, zəruriliyini çatdırır.

Yəni, bizim yaşayarkən özümüzə sahib çıxmağımız, öz halımızdan müraqib olmağımız - çox önəmli və vacib məsələdir. Ona görə də Rəbbimiz bütün iman gətirənlərə müraciət edir.

Bizim bir Allah bəndəsi olaraq, imanlı olaraq vəzifəmiz - özümüzə sahib çıxmaqdır. Bu, bizim Allah qatında Allah bəndəsi olaraq ən ümdə vəzifələrimizdəndir. Əgər buna əməl etsək, Allah qatında öz vəzifəmizi yerinə yetirmiş oluruq. Allahdan istəyimiz budur ki, bizlərə bunun fərqində olmağı nəsib etsin.

Özünə sahib çıxmaq deyildikdə, nə nəzərdə tutulur?

Ayədə gələn "aleykum ənfusəkum", yəni "özünüzə sahib çıxın" kəlməsinin müxtəlif formalarda tərcüməsi var. Ən əsas tərcümə formalarında, "özünüzdən muğayat olun", "özünüzü gözləyin" kimi qeyd edilir. Amma, təfsir yüklü tərcümələr də var. O cümlədən təfsirçi alimlərin qeydlərində bu buyuruş "siz öz imanınızı möhkəm saxlayın" kimi tərcümə edilir.

Bir başqa mötəbər təfsir tərcümələrində "imanınızın və mənəvi dəyərlərinizin müraqibi olun" tərcüməsi qeyd edilir.

Digər müfəssirlərin qeydlərində isə, "öz halınıza sahib çıxın", "öz halınızın müraqibi olun" qeydləri edilir.

Əgər bütün bu qeydləri ümumiləşdirsək, görərik ki, nəhayət bu buyuruşun hədəfi odur ki, Allah Təala Öz bəndəsini özünü qorumağa, özünə, halına sahib çıxmağa çağırır. Uca Allah bu tapşırıqla, iman gətirən bəndəsini missiyalandırır.

Biz deyə bilərik ki, bizim bu işimiz, missiyamız - Allah bəndəsi olmaq, təkamül etmək üçün ən zəruri mövzulardan biridir.

Özümüzə sahib çıxmaq - tərki-dünyalıq deyil

Bəzən olur ki, bu ayənin izahında, anlamasında yanlış yanaşmalar da olur. Bəziləri "özünüzü düzəldin, özünüzə sahib çıxın" buyuruşuna əsaslanaraq, deyə bilərlər ki, bizim yeganə missiyamız - özümüzlə məşğul olmaqdır, bizim başqaları ilə bağlı məsuliyyətimiz yoxdur.

Təbii ki, bu yanaşma kökündən yanlışdır. Toplumda insanları yaxşılıqlara dəvət etmək və pisliklərdən çəkindirmə - İslamın aydın bir vacibatıdır, dinin zəruri postulatlarındandır. Təbii ki, şərtləri, qaydaları ilə bunu həyata keçirmək - hər bir iman əhlinin üzərində vəzifədir.

Ayənin kontekstindən çıxan nəticə budur ki, əgər siz insanları yaxşılıqlara dəvət edərkən və pisliklərdən çəkindirərkən təsiri olmursa, məyus olmayın, özünüzlə məşğul olun, bu halda üzərinizdə yalnız bu vəzifə var.

Başqa tərəfdən isə insanın əslində özünü qoruması, özündən müraqib olması üçün toplumda yaxşılıqlara dəvət etmək və pisliklərdən çəkindirmə - zəruri şərtdir. Çünki əgər bunu etməsə, özünü qoruya bilməyəcək, özü təsir altına düşmüş olacaq. Deməli, Rəbbimizin ayədə hər bir bəndəsinə özü ilə məşğul olmaqla bağlı çağırışı qətiyyən o mənada deyil ki, siz toplumda yaxşı işlərə dəvətdən və pis işlərdən çəkindirməkdən uzaqlaşasınız. Bu ayə qətiyyən tərki-dünyalıq kontekstində anlaşılmamalıdır.

Haqq yolunda olanlar, azlıqda qalmaqdan çəkinməsin

Ayənin təfsiri nöqtələrindən biri də budur ki, Rəbbimiz bəndələrinə bəyan edir ki, haqq yolunda azlıqda qalmaqdan çəkinməyin. Allah Təala möminlərə müraciət edərək bəyan edir ki, sizlər Allah buyurduğu yolda getməklə azlıqda qalmaqdan narahat olmayın, sizin vəzifəniz - özünüzə sahib çıxmaqdır, boynunuza düşəni həyata keçirməkdir və bu yolda azlıqda qalsınız da, yolunuza davam edin.

Müfəssirlər ayənin təfsirində buyururlar ki, əgər digərlərinə təsir qoya bilmirsinizsə, özünüzə sahib çıxın. Bir situasiya meydana gələ bilər ki, insanın yaxşılıqlara dəvəti və pisliklərdən çəkindirməsi təsirsiz olsun. Bu halda da vəzifəmiz - özümüzə sahib çıxmaqdır.

Toplumun fəsada meyillənməsi heç bir günahı legitimləşdirmir

Üçüncü təfsiri nöqtə budur ki, toplumun düz yoldan çıxması, insanın günah etməsi üçün hər hansı icazəlilik yaratmır. Bu və ya digər toplum əgər rahatca xətalar, günahlar edirsə, düz yoldan çıxırsa, bu, heç bir əsas vermir ki, insan bunu nəzərən qərar versin ki, hamı yanlış edir xəta edir - mən də edim. Rəbbimiz buyurur ki, siz bütün hallarda bəndəlik yolunu gedəcəksiniz, özünüzdən müraqib olacaqsınız və toplumun azmasınının sizə heç bir təsiri olmayacaq. Siz əgər hidayət tapsanız, imanlı olsanız, bu halda yolunu azmışların zəlalətinin sizə heç bir təsiri ola bilməz.

Hər birimiz ayıq olmalıyıq ki, toplumun hər hansı məsələdə doğru yoldan çıxması, bu və ya digər günahın legitimləşməsinə imkan yaratmır və insan əgər hidayət tapmış olsa, bu halda digərlərinin yolunu azması ona heç bir təsir etməz.

Digər təfsiri nöqtə budur ki, Qiyamətdə hər bir kəs öz əməlinin məsuliyyətini daşıyacaq. Bu anlamda, hər kəs özünə sahib çıxmalıdır, öz halından müraqib olmalıdır, hər kəs özünün hesabını verəcək.

Ayədə bəndələrə çağırış var ki, digərlərinin eyiblərinin axtarışı və ifşası ilə məşğul olmayın. Ayədə iman əhlinə "özünüzlə məşğul olun" deyildikdə, digərlərinin eyiblərinin axtarışı və ifşası ilə məşğul olmamağa çağırış edilir. Digərlərinin eyiblərinin axtarışı ilə məşğul olmaq, digərlərinin eyiblərini ifşa etmək - qətiyyən yolverilməzdir. İnsan ilk olaraq öz durumu, vəziyyəti ilə məşğul olmalıdır.

İman əhli yolunu azmışların halına görə cavabdeh deyil. Əgər insan özü hidayət tapsa, o, yolunu azmışların zəlalətindən heç bir zərər almayacaq və onların yolunu azmasına görə də hər hansı məsuliyyət daşımayacaq. Siz doğru yola çağırmısınız, pis yoldan çəkindirmisiniz, əgər təsir qoymayıbsa - buna görə hər hansı məsuliyyət daşımırsınız.

Başqalarına kömək edərkən öz ruhiyyəmizi də saxlamalıyıq

Digər fərdlərin zəlalətə uğradığı vaxtda onların bu vəziyyətinə görə narahat olmağımız, kömək etməyə çalışmağımız səbəb olmamalıdır ki, biz onların halı ilə uyğunlaşaq. Yəni, biz onları xilas edərkən öz halımızı da əldən verməməliyik, halımızı onlara uyğunlaşdırmamalıyıq. İmkan daxilində onlara təsir etməliyik, əgər təsir edə bilmiriksə, onların təsirini almamalıyıq.

Ayədən çıxan digər təfsiri nöqtə budur ki, gərək özümüzü elə tərbiyə edək ki, mühitin fəsadı bizə təsir qoymasın. Gərək imanlı şəxslər öz durumları ilə o cür məşğul olsun ki, toplumun fəsadı onlara heç bir təsir qoya bilməsin.

Ayədə çağırış var ki, başqalarının azması, doğru yoldan ayrılmasına görə öz ruhiyyənizi əldən verməyin. Bəzən elə olur ki, toplumda fəsadın artması, insanların günaha tərəf meyillənməsi imanlı insanın da ruhiyyəsinə təsir qoyur. Gərək insan öz halına müraqib olsun ki, bu haldan təsirlənməsin.

Yollarını azmışlar, zəlalətə düçar olmuşlar sanki pusquda durublar ki, iman gətirmişlərə, Allah bəndələrinə də təsir qoysunlar. İmanlı insanlar üçün bundan qorunmağın yeganə yolu -imanlı vəziyyətimizə sahib çıxmaqdır. Əgər sahib çıxsaq, o zaman özümüzü onların zərərindən qorumağı bacaracağıq.

Hər kəs Qiyamətdə öz əməlinin nəticəsini görəcək

İnsanın məada, Qiyamət gününə, hər kəsin etdiklərinə görə sorğu-sual olunacağına dair imanı - özünü düzəltməsi üçün ən mühüm amillərdən biridir. Ayənin yekununda Rəbbimizin sonucda hər kəsin Ona tərəf qayıdacağına vurğu etməsi buna işarədir. İndi ki, sonucda hər birimiz Allaha tərəf qayıdacağıq - gərək özümüzə sahib çıxaq, özümüzdən müraqib olaq.

Hər kəs öz yoluna və əməlinə görə Qiyamət günündə cavabdehdir. Hər nə etmişiksə - Qiyamət günündə onlara görə cavab verəcəyik, heç kəs etdiyini dana bilməyəcək. Ayənin yekununda vurğulanır ki, dönüşümüz Allaha tərəfdir və Allah Təala hər bir kəsi Qiyamət günündə etdiklərindən agah edəcək.

İnsanın dünyadakı əməlləri, onun Qiyamət günündə aqibətini formalaşdırır. Nə etmişiksə, onun nəticəsini görəcəyik. Allahdan istəyimiz budur ki, bizlərə xeyirli aqibət nəsib etsin!

Mənəvi qırxgünlüyə dair əxlaqi reseptlər

Xüsusilə yaşadığımız qırxgünlük böyük fürsət yaradır ki, bizlər öz halımızdan, özümüzdən müraqib olaq, özümüzə sahib çıxaq. Əxlaq ustadları bu qırxgünlükdə özümüzlə məşğul olmaq üçün bizlərə reseptlər təqdim edir. Tövsiyə olunur ki, bu qırxgünlüyün içərisində diqqətli olaq, bizə ən ciddi maneə olan əxlaqi rəzilətimizi, çatışmazlığımızı tapaq, onun müraqibəsini aparaq, bu qırxgünlükdə ondan qurtula bilək.

Hamısı ilə birdən bacarmayacağıq. Əxlaq mütəxəssisləri çox incə bir məqama toxunurlar ki, bütün rəzilətlərlə, çatışmazlıqlarla eyni anda mübarizə aparmaq mümkün deyil. Amma bizim imkanımız var ki, ən mənfi təsir edənini müəyyən edək, onunla məşğul olmağa başlayaq, addım-addım islahı ilə məşğul olaq.

Biz çalışaq bu qırxgünlüyündə xüsusilə çalışma, himmət göstərək ki, hər hansı xəta, günaha yoluxmayaq. Çünki, heç bir mənəvi təkamül günahla ola bilməz. Mənəvi təkamülün başlanğıcı günahı tərk etməkdən keçir. Ona görə də bu qırxgünlükdə xüsusilə diqqətli olmalıyıq ki, mənəvi təkamülümüz üçün günahları tərk edək.

Üçüncü mühüm tövsiyə budur ki, mənfi təsirləri minimuma çatdıraq. İnsanın həyatında konflikli vəziyyətləri olur, dedi-qodular və s. kimi hallar yaşayaq. Çalışaq ki, bu günlərdə bütün bunları lokallaşdıraq minimuma endirək. Çünki, onların hər biri özü-özlüyündə insanın müsbət ruhi inkişafına mane olur.

Çalışaq ki, bu qırgünlüyün içərisində bizim enerjimizi alan mövzulardan uzaq olaq. Xüsusilə günah əhli ilə, fəsad əhli ilə hər hansı gərəksiz ünsiyyətlərimiz minimuma ensin, zərurətdən kənar olmasın. Dünya ab-havasının içərisində ərimiş insanlarla münasibətləri, ünsiyyətləri minimuma çatdıraq.

Çalışaq ki, bu qırxgünlüyün içərisində yeni məşğuliyyətlərdən, xüsusilə ruhumuz üçün təlatümlər yaradan mövzulardan uzaq duraq. Əksinə, Allahı yada salan, axirəti yada salan məşğuliyyətləri gücləndirək. Yalnız harmonik ab-havanın içərisində mənəvi təkamül mümkündür. Çalışaq ki, belə bir ab-havanın, hüzurun yaranmasına nail olaq.

Gündəlik halımızın mühasibəsini daha incə, daha əsaslı, daha reqular həyata keçirək. Gün ərzində bir dəfə azdırsa, bir neçə saatdan bir, hər namazdan sonra halımızın mühasibəsini aparaq. Bu, şeytanının (lən) vəsvəsələrindən qorunmağa da kömək edir, insanın əməllərinin daha keyfiyyətli olmasına da təkan verir. Bunlar hamısı insanın ruhunun mənəvi təkamülü üçün böyük fürsətlər yaratmış olur.

Allahım, bizlərə özümüzün islahı, halımızın müraqibəsi ilə məşğul olmağı nəsib et!

Allahım, bizləri doğru yola hidayət olunmuşlardan qərar ver!

Allahım, bizlərə, fəsad əhlinin zərərindən qoruyacaq imanlı ruhiyyə nəsib et! Amin!

Hacı İlqar İbrahimoğlu,

ilahiyyatçı-filosof

Milli.Az