ABŞ-ın yeni Qarabağ planı: iki variant var

10 İyul 2019 13:12

Tbilisidə etiraz aksiyaları, mitinqlər və yürüşlər səngimək bilmir. Bazar ertəsindən bəri bəzən bir gündə şəhərin mərkəzində 4 aksiya olur.

Rustaveli prospektinə yığışanlar ənənəvi olaraq Gürcüstan hakimiyyətini Rusiyaya meylli siyasət yürütməkdə suçlayır, DİN başçısı Georgi Qaxariyanın istefasını tələb edirlər. Aksiyaya qatılanlar səhərədək prospekti tərk etmirlər. Səhər açılandan sonra isə aksiya parlament binası önündəki çadırlarda aclıq edənlərlə davam edir.

Onlara özlərini "ənənəvi dəyərlərin mühafizləri" adlandıranlar da qatılıblar. Bu adamlar Gürcüstanda cinsi azlıqların fəallaşmasına qarşı çıxır, xüsusilə də LGBT mənsublarının Tbilisidə parad keçirmələrinə qətiyyətlə etiraz edirlər.

Gürcüstandakı cinsi azlıq mənsubları etiraz aksiyaları səbəbindən "Ləyaqət marşı" adlanan paradlarını artıq iki dəfə təxirə salıblar. Parad ilk əvvəl iyunun 23-nə planlaşdırılmışdı, amma Tbilisinin əsas prospektində Rusiyaya qarşı etirazlar vardı.

Parad (və ya marş) başqa günə təyin olundu, amma yenə alınmadı. Çünki "Rustavi 2" telekanalında jurnalist Georgi Qabuniyanın tərbiyəsizliyinə etiraz edən yüzlərlə gürcü prospektə toplaşmışdılar.

Onlar ertəsi gün də "Rustavi 2" binasının önünə gəldilər. Telekanalın baş direktoru Nika Qvaraviya hətta təlaşa düşmüşdü ki, bu adamlar binaya girəcəklər. Qvaraviya DİN-ə zəng vuraraq "bura daha çox əməkdaş yollayın" da söyləmişdi.

Aldığı cavab isə belə oldu: "Narahat olmayın, şəhərdəki bütün aksiyalarda hüquq-mühafizə orqanlarının əməkdaşlarının sayı yetərincədir".

Daha sonra yeni mitinq oldu və toplaşanlar G.Qabuniyanın işdən kənarlaşdırılmasını istəyirdilər.

Sonucda LQBT mənsubları marşa çıxdılar. Onlar bayraqlar, müvafiq simvolika və plakatlarla Tbilisinin kənarına, Gürcüstan DİN-nin binasının qarşısına yollandılar.

"Rustavi 2" telekanalındakı "Postskriptup" proqramının müəllifi və aparıcısı Georgi Qabuniyanın Rusiya prezidenti Vladimir Putini canlı efirdə küçə söyüşləri ilə təhqir etməsi, sanki, Ermənistanın baş naziri Nikol Paşinyanın üç il əvvəlki davranışının təkrarı idi.

Paşinyan 2016-cı ildə, Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistanın məğlub olması və geri çəkilməsi ilə başa çatan, tarixə "Aprel döyüşləri" və "Dördgünlük müharibə" kimi düşən hərbi əməliyyatlar barədə danışanda demişdi: "Qətiyyətlə deyirəm ki, "Aprel döyüşləri"nin səbəbkarı Kremldir. Azərbaycanı MDB məkanında Rusiyanın daha bir layihəsi olan Avrasiya İqtisadi Birliyinə üzv etmək üçün Moskva bunu edib".

Baş nazir postunu ələ keçirəndən sonra Nikol Paşinyan Rusiyaya yaltaqlanmağa, referanslar etməyə, əvvəlki anti-Rusiya məzmunlu çıxışlarını Moskvaya unutdurmağa çalışdı.

O, Qabuniya təki əxlaqsızlıq edərək küçə söyüşlərindən yararlanmasa da, Ermənistanda kəskin və radikal anti-Rusiya mövqelərinin möhkəmlənməsində, Moskvaya nifrət yaradılmasında analoji funksiyanı yerinə yetirib və indi də bu işlə məşğuldur.

Georgi Qabuniya, əslində, "paşinyanlıq" edib.

Bilavasitə siyasətə gəldikdə isə, Gürcüstandakı hadisələrdə Ermənistanda N.Paşinyanı hakimiyyətə gətirmiş ABŞ-ın izləri aşkar görünür.

Gürcüstandakı siyasi isteriyanın hədəflərindən biri də Ermənistandır.

Tbilisidən İrəvana gedən söyüş yolunda artıq ilk addımlar atılır.

Başlıca məqsəd Gürcüstandan sonra Ermənistanı da ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun yeni ssenarisinə cəlb etməkdir.

Birləşmiş Ştatların regionda ənənəvi məqsədləri və hədəfləri ilə yanaşı, yeni istəkləri də var.

Həmin istəklər çoxdur, amma onların arasında xüsusi yeri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması tutur. Rusiyanın Ermənistanı birmənalı şəkildə dəstəkləmək siyasətinin effektivliyinin olmadığını anlayan ABŞ Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsi ilə bağlı iki plandan birinin reallaşdırılmasında qərarlıdır.

Birinci plan Ermənistanın Müdafiə Nazirliyinin "qarabğlı ermənilərin ordusu" kimi qələmə verilən hissələrinin Dağlıq Qarabağ və Azərbaycanın işğal altında olan digər ərazilərindən çıxarılması, bu zaman Laçın və Kəlbəcər rayonlarının statuslarının müzakirəsi və sonda Dağlıq Qarabağın statusunun danışıqlarda həll olunmasını nəzərdə tutur.

İkinci plan işğaldakı ərazilərin azad edilməsi, Kəlbəcər və Laçın rayonlarının taleyi ilə bağlı yeni danışıqların başlanması, Dağlıq Qarabağın statusu ilə bağlı referendumun keçirilməsinin detallaşdırılmasıdır. Təbii ki, həmin referendumda yalnız qarabağlı ermənilər yox, Dağlıq Qarabağın evlərindən, yurdlarından didərgin salınmış azərbaycanlı icması da bərabərhüquqlu tərəf qismində, yerli sakinlər təki iştirak etməlidir.

Məhz bu səbəbdən Con Bolton "Ermənistan tarixi stereotiplərindən əl çəkməlidir" deyərək rəsmi İrəvana illərdən bəri yürütdüyü siyasətin mənasız və məntiqsiz olduğuna işarə vurub.

Nikol Paşinyan isə Boltona "yox" deməyib.

Ermənistanda ABŞ-ın birbaşa və kölgə nəzarətindəki medianın, habelə Qərbdəki bir sıra təşkilatların da Nikol Paşinyanı müdafiə etmələrinin əsl səbəbi də elə budur.

Elçin Alıoğlu
Milli.Az