Daredevil kod adına sahib yeni Nokia modelinin real fotoları ortaya çıxdı - FOTO

11 İyul 2019 08:55

Çinin Weibo adlı sosial şəbəkəsində yeni Nokia smartfon modelinin keyfiyyətli real fotoları ortaya çıxıb. Bu barədə Slashleaks saytına istinadən Gagadget saytı xəbər verib. Ortaya çıxmış fotolardan birinə əsasən sözügedən smartfon Daredevil kod adına sahibdir. Yeni Nokia modeli şüşə materialdan hazırlanmış gövdəyə, üzərində damcı formalı çıxıntı hissə olan genişformatlı ekrana və arxa paneldən üç kamera moduluna sahibdir. Əsas kamera modulu isə 48 MP-dir.

Milli.Az technote.az-a istinadən bildirir ki, smartfon həmçinin şarj prosesi üçün USB-C girişi və Google Assistant səsli köməkçisinin işə salınması üçün kənar tərəfdən ayrıca düymə ilə də təchiz olunub. Nokia Daredevil smartfonunun  test versiyası artıq köhnəlmiş Snapdragon 660 prosessoru vasitəsilə çalışır. Lakin çox güman ki, smartfonun final versiyası Snapdragon 700 seriyasından olan prosessor ilə təchiz olunacaq. Onun Snapdragpn 730 ilə təchiz olunacağı güman edilir. Yeni Nokia modelinin nə zaman təqdim olunacağı barəsində heç bir məlumat yoxdur.

Milli.Az