Evində ölü tapılan yazarın ÜRƏK AĞRIDAN STATUSU: Əsl möcüzədi - FOTO

8 İyul 2019 14:56

Üç gün öncə evində ölü halda aşkar edilən gənc yazar Mahmud Ağakişiyev sosial şəbəkə hesabından yazdığı statuslarla geniş oxucu kütləsi toplamağı bacarmışdı.

Milli.Az xəbər verir ki, iki övlad atası olan "İkinci Mahmud" kimi tanınan yazıçının yazıları arasında qızı ilə bağlı etdiyi paylaşım xüsusi ilə diqqəti çəkir.

Bu da həmin təsirli yazı:

"Mən qız atasıyam. Nə gözəl duyğudu bu! 
Özündə səndən bir parçanı daşıyan canlı varlığın gözünün qabağındaca böyüməsinə, dünya ilə tanışlıq prosesinə şahid olmaq... Bu ki, əsl möcüzədi!
Bəzən nağıl danışıram qızıma. Bəzən o mənə nağıl danışır... Uydurur nağılları... 
Canavar Qırmızıpapağı yeyir. Sonra Mahmud gəlir xilas edir Qırmızıpapağı... Mən onun nağıllarının qəhrəmanına çevirilirəm. 
Mən onun nağıllarında divlərə qalib gəlirəm...
Mən onun nağıllarında uça bilirəm... 
Mən onun nağıllarında dünyada ən güclü kişiyəm... 
Mən onun qəhrəmanıyam.
Bu ki, əsl möcüzədi!"

Qeyd edək ki, Mahmud yaşadığı evdə ürəktutmasından vəfat edib.

Məhəmməd Vaqif
Milli.Az