"Azərbaycan Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"da dəyişikliklər edilib
27 Oktyabr 2011 20:34
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"da dəyişikliklər edilməsi barədə fərman imzalayıb.
Trend-in məlumatına görə, dəyişikliklərə əsasən, Neft Fondunun investisiya portfelinin vəsaiti Böyük Yeddilərə (Amerika Birləşmiş Ştatları, Almaniya Federativ Respublikası, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Fransa, İtaliya, Kanada və Yaponiya), Avropa Valyuta Birliyinə daxil olan ölkələrin, Rusiya və Türkiyənin, həmçinin uzunmüddətli öhdəliklər üzrə "A" ("Standard & Poor's", "Fitch") və ya "A2" ("Moody's") kredit reytinqindən aşağı olmayan reytinqə malik olan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə yerləşdirilə bilər. Bu yarımbənddə nəzərdə tutulmayan ölkələrin valyutalarında ifadə olunmuş aktivlərə Neft Fondunun investisiya portfelinin vəsaiti yalnız həmin valyutaların ABŞ dollarına qarşı məzənnə dəyişkənliyi riskinin minimuma endirilməsi (hecinq) şərtilə yerləşdirilə bilər. Valyutaların investisiya portfelində müvafiq xüsusi çəkiləri Neft Fondunun investisiya siyasəti ilə müəyyən edilir.
Bundan əlavə, cəlb edilən xarici menecerin özünün və ya onun əsas təsisçisinin kredit reytinqi investisiya dərəcəli kredit reytinqindən ("Standard & Poor's" və ya "Fitch" və ya "Moody's") aşağı olmamalı və ya onun aktivlərin idarə edilməsində 5 ildən az olmayan müsbət təcrübəsi və yaxud dəyəri 1 mlrd. ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsində səriştəsi olmalıdır.
Dəyişikliklərdə qeyd olunur ki, Neft Fondunun investisiya portfelinə aşağıdakı aktivlər daxil ola bilər:
mərkəzi (milli), kommersiya banklarındakı və digər maliyyə təsisatlarındakı depozitlər;
investisiya dərəcəli kredit reytinqinə ("Standard & Poor's" və ya "Fitch" və ya "Moody's") malik dövlətlərin, dövlət təsisatlarının, beynəlxalq maliyyə təşkilatlarının, kommersiya təşkilatlarının və digər qurumların borc öhdəlikləri;
dövlətlərin, dövlət təsisatlarının, beynəlxalq maliyyə təşkilatlarının, kommersiya təşkilatlarının və digər qurumların investisiya dərəcəli kredit reytinqinə ("Standard & Poor's" və ya "Fitch" və ya "Moody's") malik borc öhdəlikləri;
beynəlxalq nüfuzlu səhm bazarı indekslərinə daxil olan səhmlər;
pay fondlarının, o cümlədən alternativ investisiya fondlarının səhmləri (payları);
London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələr;
daşınmaz əmlak;
investisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmaması şərtilə qeyri investisiya reytinqinə malik, lakin reytinqi "BB-" ("Standard & Poor's", "Fitch") və ya "Ba3" ("Moody's") kredit reytinqindən aşağı olmayan qiymətli kağızlar və ya təsisatlardakı depozitlər. Bu halda Neft Fondunun valyuta vəsaiti üzrə hesablar açılan, beynəlxalq maliyyə bazarlarında tərəf müqabili olan və Neft Fonduna qiymətli kağızlar üzrə depozitar xidmətləri göstərən banklar və digər maliyyə təsisatları qeyri investisiya reytinqinə (reytinqi "BB-" ("Standard & Poor's", "Fitch") və ya "Ba3" ("Moody's") kredit reytinqindən aşağı olmamaq şərtilə) malik ola bilər.
Milli.Az