Aydın Əliyev: “Avtomobil idxalına gömrük rüsumunun artırılması gözlənilmir”
12 Aprel 2010 14:42
Bunu Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyev deyib. Onun sözlərinə görə, hazırda "Avro-2" standartlarına uyğun gəlməyən minik avtomobillərinin idxalına gömrük rüsumunun artırılması məsələsi gündəlikdə deyil. Bundan əvvəl isə Dövlət Gömrük Komitəsi ölkəyə ümumi idxal həcminin azalması nəticəsində daxilolmaların gözlənilən azalması nəticəsində avtomobillərin gətirilməsi üçün gömrük dərəcələrinin artırılmasını təklif etmişdi.
Aydın Əliyevin sözlərinə görə, Azərbaycan Dövlət Gömrük Komitəsi ölkəyə ekologiya üçün zərərli, həmçinin, hərəkətin keyfiyyətinə mane olan avtomobillərin idxalına məhdudiyyətin tətbiqindən ciddi müsbət nəticələr gözləyir: "Əgər əvvəllər istismar üçün yararsız avtomobillərin ölkəyə idxalı ilə mübarizəni gömrük aparırdısa, indi bu ciddi iş daha yüksək səviyyədə aparılacaq".
Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycanda istismara buraxılan (respublikaya idxal və istehsalat) avtomobil nəqliyyatı tərəfindən atmosferə zərərli maddələrin tullanması üzrə tədbirlərin Avropa standartları tələblərinə uyğunlaşdırılması haqqında qərar qəbul edib. Qərara görə, 2010-cu il iyulun 1-dən istismara verilən avtomobillərə "Avro-2" (zərərli maddələrin atmosferə tullanması) ekoloji standartı tətbiq ediləcək. Həmin qərarla Azərbaycanda dövriyyəyə buraxılan avtomobil nəqliyyatı tərəfindən atmosferə zərərli maddələrin tullanması üzrə tələblərin Avropa standartlarına uyğunlaşdırılması üzrə plan təsdiq olunub.
Mütəxəssislərin təqdim etdikləri məlumatlara əsasən, bir ay ərzində Azərbaycanda avtomobil nəqliyyatı tərəfindən 57,6 min ton karbon oksidi atılır. İl ərzində bu göstərici, təxminən, 691,2 ton təşkil edir.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2009-cu ildə Azərbaycana 63,4 mindən çox minik avtomobili idxal edilib ki, bu da 2008-ci il göstəricisindən 28,8 faiz azdır. 2009-cu ildə ölkəyə gətirilən minik avtomobillərinin ümumi məbləği 455,9 milyon dollara yaxın olub. Bazarda xarici markaların payı 70 faizdən çox təşkil edir.