Porsche Taycan yenidən obyektivlərə yaxalanıb - FOTO

13 İyul 2019 22:01

Bu günlərdə Şanxay şəhərinin sakinlərindən birinə minimum kamuflyaja malik olan Taycan elektrokarının şəklini çəkmək nəsib olub. Yeni elektrokarın ən seçilən cəhətlərindən biri dərin yerləşdirilmiş işıq texnikasıdır. Alman istehsalçısı ənənəvi blok-fənərlərdən imtina edərək, onları hava girişlərinə daxil etmək qərarına gəlib. Bu dizayn alın müqavimətini və hava axınlarının istiqamətləndirilməsini yaxşılaşdırmalıdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, Porsche markasının baş dizayneri Mixael Mauer Taycan modelinin dizayn üslubunun Panamera liftbekindən daha çox 911 sportkarına yaxın olduğunu bildirib. Adətən, elektromobillər DYM ilə təchiz edilmiş avtomobillərdən hündür olurlar. Lakin, alman markasının mühəndisləri buna da çarə tapıblar. Onlar ayaq zonasında "foot garage" adlanan məkan yaradaraq aşağı oturuş səviyyəsini təmin ediblər.

Porsche şirkətinin rəhbəri Oliver Blyum Taycan modelini müxtəlif həcmli batareyaları olan iki versiyada təklif ediləcəyini bildirib.  İlkin olaraq bazara güclü modifikasiya çıxarılacaqdır. Kiçik həcmli batareya ilə təchiz edilən Taycan modelinin qiyməti 100 min avro təşkil edəcəkdir. Porsche Taycan modelinin bazasında Cross Turismo elektrik kross-universalı da inşa ediləcəkdir. Bu modelin istehsalına 2020-ci ildə başlanacaqdır.

Milli.Az