Bob Lutz Corvette krossoverini buraxmağı məsləhət görüb - FOTO

9 İyul 2019 23:01

General Motors konserninin sabiq vitse-prezidenti Bob Lutz Chevrolet şirkətinə Corvette modelini müstəqil brendə çevirərək, bu marka altında idman krossoveri buraxmağı məsləhət görüb. Chevrolet menecerləri keçmiş rəhbərlərinin məsləhəti üzərində düşündüyü bir zamanda, bu işin xiridarları o dəqiqə Corvette krossoverinin zahiri görünüşünü virtual olsa da, yaradıblar.

Milli.Az autograph.az-a istinadən bildirir ki,  "Automotive News" nəşrinə müsahibə verən Bob Lutz, Corvette adının xüsusi xarizmaya və imkana malik olduğunu bildirib. Onun düşüncəsinə görə, Corvette üslubunda yaradılacaq idman krossoveri hətta Lamborghini Urus modelinə də rəqib ola bilər.

Lutz bu seqmentdə uğur əldə etmək üçün Corvette krossoverinin ən azı 100 min dollara satılmalı olduğunu da vurğulayıb. Üstəlik o, avtomobili böyük həcmli V8 mühərriki ilə təchiz edərək, 20-30 minlik məhdud saylı tirajla buraxmağı məsləhət görüb. Sabiq top-menecer belə addımın Corvette üçün ortamühərrikli sportkar buraxmaqdan daha əlverişli olacağını da qeyd edib.

Bob Lutzun məsləhətini təkcə GM rəhbərləri diqqətə almayıblar. Rəssam Kleber Silva Lamborghini Urus modelini əsas götürərək, Corvette krossoverinin eksteryerini də yaradıb. Məncə, pis də alınmayıb.

Lakin, bir məsələ var - alıcılar avropalı rəqibləri gözardı edərək Corvette krossoverinə üstünlük verəcəklərmi? Sirr deyil ki, Corvette sportkarı avropa sportkarlarına elə də ciddi rəqib ola bilməyib. Hətta, quruluş dəyişikliyinin də bu rəqabəti artıracağını güman etmirəm, amma Bob Lutzun keçmiş xidmətlərini nəzərə alaraq, onun sözlərini diqqətə almaq gərəkdir.

Milli.Az