Qarabağda erməni əsgərləri qırğına verəcəklər?

1 İyul 2019 11:27

"Qarabağ münaqişəsinin həlli üçün "Düşənbə plyus" formatı olmalıdır". Ermənistanın xarici işlər naziri Zöhrab Mnasakanyan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesinin indiki vəziyyətini şərh edərkən deyib.

Onun sözlərinə görə, münaqişə zonasında vəziyyət gərginləşdiyinə görə prosesin nəzarətdə saxlanması ilə bağlı Düşənbədə Azərbaycan və Ermənistan prezidentləri arasında əldə olunmuş razılaşmaların yenilənməsinə, daha doğrusu, formatın təkmilləşdirilməsinə zərurət duyulur.

Z.Mnasakanyanın açıqlaması əslində Ermənistanın yeni şərtlər irəli sürməyə hazırlaşdığını göstərir.

Ermənistanın baş naziri Nikol Paşinyanın "məni qarabağlı ermənilər seçməyib, onların taleyini həll edə bilmərəm, qarabağlı ermənilər də tərəf qismində danışıqlar prosesinə qatılmalıdır" bəyanatlarını verərək situasiyanı daha da sərtləşdirməyə çalışmışdı. Eyni zamanda o, Ermənistanın sabiq prezidentləri Serj Sarqsyan və Robert Köçəryanın rəhbərlik etdikləri "karabaxtsi"lər, yəni əslən Dağlıq Qarabağdan olan erməniləri öz tərəfinə çəkmək niyyətindədir.

Qarabağlı ermənilər Ermənistanda çox ciddi siyasi, iqtisadi, maliyyə, hərbi və s. rıçaqlara malikdir.

N.Paşinyanın açqılamaları ilk əvvəl "daxili mətbəx"ə hesablandığından ATƏT-in Minsk Qrupunun həmsədri ölkələri ABŞ, Rusiya və Fransa deyilənləri ciddi qəbul etmirlər.

Əslində, N.Paşinyan ümumiyyətlə, Qərbdə və Rusiyada artıq ciddi adam sayılmır.

O, necə marionetka idisə, elə həmin formatda və statusda da qalıb.

Və bunun çoxlu səbəbləri ilə nişanələri var.

Məsələn, Nikol Paşinyanın fikrincə, Rusiya, ABŞ və İsrailin XİN başçıları Suriya məsələsini müzakirə edəndən sonra Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonla müzakirələr aparıbsa, "deməli, Dağlıq Qarabağ məsələsinin də orada müzakirə olunduğu istisna deyil".

ABŞ və Rusiya təbii, Minsk Qrupunda həmsədr ölkələrdir. Fəqət, İsraildəki görüşlərdə və danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin preambula təşkil etməsi ilə bağlı Paşinyanın iddiaları xəstə təxəyyül izharı təsiri bağışlayır.

Minsk Qrupunda iki ən önəmli və təsir həmsədr ölkələr olan Rusiya ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərdəki ifrat gərginliyin son vaxtlar bir qədər mülayimləşməyə başlaması meylləri sezilsə də, iki ölkənin dövlət başçıları və yüksək rütbəli nümayəndələri arasındakı danışıqlarda Dağlıq Qarabağ problematikasının gündəm mövzusu təşkil etməsi şübhəlidir.

ABŞ prezidenti Donald Trampı indi ən çox maraqlandıran məqam Çin ilə münasibətlərdisə, Rusiya prezidenti Vladimir Putinin diqqəti "Şimal axını-2" qaz boru kəməri və Şərqi Avropa ölkələrində ABŞ bazalarının yerləşdirilməsinə yönəlib.

Belə məqamda Nikol Paşinyan onlar üçün mikroskopik vahiddir.

Vaşinqtonla Moskvanın hazırda Qarabağ danışıqları prosesinə birbaşa müdaxilə etməmələrinin səbəbi də elə onların hadisələrə təsir imkanlarının çox böyük olması ilə bağlıdır.

Belə imkanlar varsa, "iki böyük" narahatlıq keçirməyi izafi sayırlar.

Eyni zamanda, Vaşinqtonla Moskva danışıqlarda ciddi sayıla biləcək hər hansı irəliləyiş görmədikləri üçün təsir mexanizmlərinin işə salınmasında və münaqişə tərəfləri ilə aktiv diskussiyalarda da məna görmürlər.

Rəsmi İrəvan isə həmsədr ölkələrlə münasibətlərini mifik "yüksək səviyyə"də saxlamağa çalışaraq illüziyalarının ermənilərə reallıq kimi təqdim edir və yalanlarını sıralayır.

İş o yerə çatıb ki, Nikol Paşinyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Vaşinqtonda Azərbaycan və Ermənistanın XİN başçıları ilə görüşünü belə, "İrəvanın diplomatik uğuru" qismində təqdim etməklə siyasi dividentlər əldə etməyə çalışır.

Halbuki Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş danışıqlarda nə "Düşənbə plyus"a ehtiyac var, nə də hansısa süni format dəyişilikliyinə. Ermənistan sadəcə, sərsəm və aqressiv tələblərinin mahiyyətinin ilk əvvəl ermənilərin özü üçün fəsadlı olduğunun fərqinə varmalı, real siyasət rejiminə qayıtmalıdır.

Həmsədrlər isə Minsk Qrupunu belə, şantaj etməyə başlamış Nikol Paşinyan üçün sakitləşdirici, ram edici vasitələrə əl atmalıdır.

Əks təqdirdə rəsmi Bakı səbrinin sonsuz olmadığını nümayiş etdirməli olacaq.

Bu isə münaqişə zonasında antiterror əməliyyatının başlanmasıdır. Yəni Ermənistan Dağlıq Qarabağda və Azərbaycanın işğal altında olan digər ərazilərində savaşın başlamasını istəyirsə, cəbhə xəttinin sürətlə Xankəndinə doğru geri çəkilməsini arzulayırsa və ən nahayət, Qarabağda erməni əsgərlərinin qırğınını yaşamaq istəyirsə, indiki siyasətini davam etdirə bilər.

Ermənistan bu sadə həqiqəti dərk edirmi?

Elçin Alıoğlu
Milli.Az