Bakıda əl qumbarası aşkarlanıb - FOTO

29 İyun 2019 08:18

Bakıda 1 ədəd əl qumbarası aşkar edilib.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Dövlət Agentliyindən (ANAMA) Milli.Az-a verilən məlumata görə, iyunun 28-i 18:00-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Bakı şəhəri, Nəsimi rayonu ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssislərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları ilə birlikdə həyata keçirtdiyi təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd RQD-5 əl qumbarası aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbarasının ətrafında 20 kv.m əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar - 28 iyun 2019-cu il tarixlərində 127 siqnal (əməliyyat çağırışı) əsasında 110 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağdam, Ağstafa, Astara, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xızı, Xocavənd, Qazax, Lənkəran, Salyan, Samux, Şamaxı, Şəmkir, Tərtər, Tovuz, Yevlax, Zaqatala rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Şəki, Yevlax, Lənkəran, Naftalan şəhərləri ərazisində 9 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəmiryolunun yaxınlığına, daş karxanasına, dəniz sahilinə, məişət tullantıları ərazisinə, su kanalına, məktəbin həyətinə baxış keçirilib, 1,635 ədəd partlamamış hərbi sursat (PHS), 16,236 ədəd müxtəlif çaplı patron, 11 ədəd piyada əleyhinə mina, 12 ədəd tank əleyhinə mina və 30 ədəd tank əleyhinə təlim məqsədli mina zərərsizləşdirilib, 126,295 kv.m ərazi yerüstü və 8,552 kv.m ərazi yeraltı yoxlanılıb.

Milli.Az