İranlılar Ermənistandan narkotik qaçaqmalçılığında tranzit ölkə kimi istifadə edirlər
12 Aprel 2010 13:20
Trend-in məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib: "Bir neçə gün öncə Dövlət Gömrük Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı Bakı - Moskva - Bankok aviareysi ilə uçmaq istəyən İran vətəndaşı Əzimi Murtuza Mostafadan metamfetamin maddə aşkar edilib. O, istintaqa ifadəsində həmin maddəni əvvəllər Ermənistan vasitəsilə daşıdıqlarını etiraf edib".
Aydın Əliyev deyib ki, İran vətəndaşı ilk dəfə Azərbaycandan bu məqsədlə tranzit kimi istifadə etdiklərini bildirib. DGK-nin sədri bildirib ki, metamfetamin çox güclü təsirə malik psixatrop vasitədir və ondan bəzi süni narkotiklərin hazırlanmasında istifadə olunur.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanında İran vətəndaşı Mostafanın əl yükündən kişi sviterinin içərisinə keçirilmiş 1 ədəd sviterə və 4 ədəd coraba hopdurulmuş külli miqdarda - 1500 qram metamfetamin psixotrop maddəsi tapılıb. O, narkotiki Bakı - Moskva - Bankok aviareysi ilə Tailand Krallığına aparmaq istəyirmiş.