Azərbaycan Diplomatik Akademiyası "Azərbaycanlı fəlsəfə doktorlarının VI seminarı"na ərizə qəbulunu elan edir
26 Oktyabr 2011 20:55
Azərbaycan Diplomatik Akademiyası (ADA) "Azərbaycanlı fəlsəfə doktorlarının VI seminarı"na ərizə qəbulunu elan edir. ADA-nın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, akademiyanın "Fəlsəfə Doktorlarının İnkişafına Dəstək Proqramı"nın bir hissəsi olan bu seminar dekabrın 25-dən 27-dək Bakıda keçiriləcək.
Seminar çərçivəsində fəlsəfə doktorlarının təhsil sərgisi, plenar sessiya, tematik panellər və ADA-nın "Fəlsəfə Doktorlarının İnkişafına Dəstək Proqramı"nın iştirakçıları tərəfindən hazırlanacaq təqdimatlar keçiriləcək.
Bu seminarın məqsədi azərbaycanlı fəlsəfə doktorları və doktorantura tələbələri arasında əməkdaşlığı genişləndirmək, akademik müzakirələri daimi foruma çevirmək, ADA-nı yerli istedadı dəyərləndirən və dəstəkləyən bir qurum kimi təqdim etməkdir.
Seminarda sosial, xüsusilə də siyasi elmlər, beynəlxalq münasibətlər, iqtisadiyyat, enerji və ekologiya, beynəlxalq hüquq və dinşünaslıq sahələri üzrə fəlsəfə doktoru dərəcəsi alanlar və ya doktorantura tələbələri iştirak edə bilərlər.
İngilis dili - seminarın rəsmi dili olacaqdır. Bu il ilk dəfə ingilis dili zəif olan və ya başqa bir xarici dil üzrə ixtisaslaşan azərbaycanlı alimlərin iştirakını təmin etmək məqsədi ilə tədbirdə Azərbaycan dilli müzakirələr də təşkil olunacaq.
İştirak etmək istəyənlərin öz sahələrinə uyğun olan mövzular ilə müraciət etmələri arzuolunandır. Amma fərdi işlərlə yanaşı, namizədlər üç və ya dörd təqdimatdan ibarət tematik panel də təklif edə bilərlər.
Seminarda iştirak etmək istəyənlər elmi məqalələrinin xülasəsini MS Word formatında təqdim etməlidirlər. Xülasə 500 sözdən artıq olmamaqla ingilis dilində tərcümeyi-hal ilə bərabər [email protected] e-mail ünvanına göndərilməlidir.
Tematik panel üçün təkliflərə panel barədə qısa məlumat, başlıq və təqdim olunacaq bütün işlərin xülasələri, o cümlədən iştirakçıların adları və əlaqə ünvanları daxil edilməlidir. Təklif hər bir panel təqdimatçısının qısa tərcümeyi-hal ilə birlikdə [email protected] e-mail ünvanına göndərilməlidir. Xülasə və təkliflər oktyabrın 31-dək təqdim oluna bilər. Seçilmiş namizədlərin elmi məqalələrinin surəti isə dekabrın 1-dək qəbul edilir.
Seminarın ilk günündə doktorantura təhsili sərgisi keçiriləcəkdir. Sərgi azərbaycanlı məzunların xaricdəki doktorantura, xüsusilə sosial və siyasi elmlər sahələrindəki proqramlarda iştirakını təşviq etmək məqsədi ilə keçiriləcək.
ADA-nın Fakültə Axtarışı Komitəsinin üzvləri tərəfindən akademiyada işləmək istəyən iştirakçılar üçün formal və qeyri-formal görüşlər də təşkil olunacaq.
Akademiya xaricdə yaşayan seminar iştirakçılarının Azərbaycana səfərlərini təşkil etmək üçün qrantlar da təklif edəcək.
Milli.Az