Tbilisini "Get!" sədaları titrədir

27 İyun 2019 20:09

Gürcüstan paytaxtının mərkəzindəki Rustaveli prospekti bağlıdır. Burada artıq yeddi gündür, etiraz aksiyaları keçirilir.

Milli.Az Sputnik Gürcüstan-a istinadən xəbər verir ki, aksiyaya bir neçə min insan qatılıb və onların indi bircə tələbi var -  Daxili İşlər naziri Georgi Qaxariyanın istefası.

Aksiya iştirakçılarının hamısının bir gözündə qan rəngində sarğı var. Bu, etiraz simvoludur - mitinqə çıxanlar bu yolla birinci aksiyanın dağıdılması zamanı gözlərinə rezin güllə dəyib çıxaran iki nəfəri dəstəkləyirlər.

Bu gün Tbilisi şəhər məhkəməsi iyunun 20-21-də Gürcüstan paytaxtında etiraz aksiyaları zamanı saxlanılan daha 51 şəxsi azad edib.

Beləliklə, bir neçə gün davam edən aksiyalardan sonra etirazçıların 4 əsas tələbindən üçü - parlament sədrinin istefası, seçkilərin proporsional qaydada növbədənkənar keçirilməsi və aksiya zamanı saxlanılanların azad edilməsi - yerinə yetirilib.

Milli.Az