Biləsuvar gömrük postu yaxınlığında yanğın

26 İyun 2019 17:27

İyunun 26-da Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postu yaxınlığında yerləşən avtomobil dayanacağında yanğın hadisəsi baş verib.

Dövlət Gömrük Komitəsindən Milli.Az-a verilən məlumata görə, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı qısa zaman ərzində alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da dayanacağın ərazisində yerləşən bir neçə avtomobilə maddi ziyan dəyib. Hazırda müvafiq qurumlar tərəfindən yanğının başvermə səbəbləri araşdırılır.

Milli.Az