Azərbaycanda yük maşını ilə minik avtomobili toqquşdu: 2 yaralı - YENİLƏNİB - VİDEO
26 Oktyabr 2011 16:38
10:46
Milli.Az xəbər portalının "Regional" TV kanalına istinadən verdiyi məlumata görə, qəza oktyabrın 26-da gecə saat 3 radələrində Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində baş verib.
23 yaşlı Göyçay rayon sakini Anar Mikayılovun idarə etdiyi "Mercedes" 90 MB 970 dövlət qeydiyyat nişanlı yük maşını ilə 41 yaşlı Şabran rayonu Çuxurzəmi kənd sakini İlyas Harunovun idarə etdiyi "Volqa" markalı 10 HD 895 dövlət qeydiyyatlı nəqliyyat vasitəsi toqquşub.
Nəticədə "Volqa"nın sürücüsü İlyas Harunov və onu sərnişini, 30 yaşlı Şabran rayonu Dəvəçikənd sakini Rövşən Əliməmmədov xəsarət alıblar. Qəza zamanı "Mercedes" markalı yük maşınının sürücüsü Anar Mikayılov avtomobildə tək olub və xəsarət almayıb. O, Bakı istiqamətində hərəkət edirmiş. Sürücünün sözlərinə görə, yol nəqliyyat hadisəsi "Volqa"nı idarə edən İlyas Harunovun düzgün istiqamətdə hərəkət etməməsi səbəbindən baş verib.
Belə ki, o, qoşa yolun digər hissəsində hərəkət etməli olduğu halda yük maşınının yoluna çıxıb. Nəticədə qəzadan yayınmaq mümkün olmayıb. Qəza zamanı "Volqa" deformasiyaya uğradığından onun içərisindəki yaralılar 40 dəqiqəyə yaxın nəqliyyat vasitəsinin içərisində qalıblar. Yalnız təcili tibbi yardım maşını əraziyə gəldikdən sonra hadisə şahidlərinin köməyi ilə zərərçəkənlər nəqliyyat vasitəsindən çıxarılaraq təcilli tibbi yardım maşınına yerləşdiriliblər.
Şabran MRX-nın cərrahiyə şöbəsinə çatdırılan İlyas Harunov və Rövşən Əliməmmədova müvafiq yardımlar edilib. Qəza zamanı hər iki şəxs spirtli içkinin təsiri altında olub. Tibb müəssisəsinin növbətçi həkimi Rəşad Kərimovun sözlərinə görə, yaralıların həyatları üçün təhlükə yoxdur. Yol nəqliyyat hadisəsində kimin günahkar olmasına təyin olunan avtotexniki və tibbi ekspertizanın rəyindən sonra aydınlıq gələcək.
Milli.Az
-----------
16:38
Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.
