Toyda dava salanlar və şadlıq saraylarında təhlükəsizlik - VİDEO - FOTO

21 İyun 2019 14:10

Göyçay rayonunda toy mərasimində başlayan dava qanla nəticələnib. Sumqayıtda toy məclisində iştirak edən qız evinin qonşuları ilə qohumları arasında rəqs sifarişinə görə yaranan mübahisə dava ilə nəticələnib. Abşeronda isə toyda baş verən kütləvi davada 2 nəfər bıçaqlanıb. Bəs insanlar şad gündə niyə belə davranırlar?

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Mehrab Zülfüqarov - Administrator: "Musiqi üstündə görürsən sözləri çəpləşir. Kiminsə kimləsə intriqası var, gəlir, 100 qram araq içən kimi yadlarına düşür söz-söhbət yaradırlar".

Gülnar Orucova - Psixoloq: "Bu tip insanlar nevroloji baxımdan problemi olan insanlar və içkiyə daha çox meyilli olan insanlardır. Toya getməkdə məqsəd, əslində, şənlənmək deyil, toyda davanı, qalmaqalı salıb, o qalmaqalda kimisə incidib, özünü ondan üstün mövqedə göstərmək istəyənlərdir".

İki və daha artıq adamın sözünün çəp gəlməsi kütləvi davaya səbəb olur. Nəticədə toya gələn qonaqlarla yanaşı, ətrafda yaşayan insanların da rahatlığı pozulur, şadlıq saraylarına maddi ziyan dəyir.

Samir Qasımov - Hüquqşünas: "Kimsə toyda dava salırsa, ictimai qaydanı pozursa, digərlərinin istirahətinə, əylənməsinə, ümumiyyətlə, toyun baş tutmasına mane olursa, kiminsə əmlakının məhv edilməsi ilə müşayət olunursa, bu, xuliqanlıq hesab olunacaq. İşin hallarından asılı olaraq, azadlıqdan məhrumetmə cəzası da təyin oluna bilər".

Ekspertlər hesab edir ki, toy zamanı belə xoşagəlməz halların qarşısının alınması üçün restoran rəhbərliyi tərəfindən təhlükəsizliyə cavabdeh şəxslər ayrılmalıdır.

Mehrab Zülfüqarov - Administrator: ""Security" var. Dayanır toy vaxtı qapının yanında. Amma, əslində, onu düzgün saymıram. Çünki məclis vaxtı "security"nin şadlıq evinə qoymaq yaxşı bir şey deyil. Hər kəsin düşüncəsi bir deyil. Hərə bir şey düşünür. Birinə xoş gəlir, birinə yox"

Bəli, toyda oynamaq lazımdır, dava salmaq yox. Elə edək ki, belə bir şad gündə toy sahibinin sevincinə şərik olaq, əhvalının pozulmasına səbəb olmayaq.

Milli.Az