Bayram Səfərov: “Sadə ermənilər Azərbaycanın tərkibində yaşamağa üstünlük verirlər”

12 Aprel 2010 12:04
Milli.Az xəbər verir ki, bunu hakim Yeni Azərbaycan Partiyasının internet saytına müsahibəsində "Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov deyib. Onun fikrincə, Serj Sarkisyanın bu mövqeyi Ermənistanın münaqişənin həllini uzatmaq məqsədini açıq şəkildə göstərir.

Bayram Səfərov bildirib ki, Dağlıq Qarabağın statusunun müəyyən olunmasında azərbaycanlı icmasının da rəyi mütləq nəzərə alınmalıdır. Bu mövqe Azərbaycan tərəfi ilə yanaşı, ATƏT-in Minsk qrupunun da mövqeyidir. Onun sözlərinə görə, həmsədrlər bu barədə dəfələrlə açıqlama veriblər.

İcma rəhbəri qeyd edib ki, S.Sarkisyanın bu bəyanatlarına baxmayaraq, Qarabağ erməniləri Azərbaycanın tərkibində yaşamaq istəyirlər: "Azərbaycanda sürətli inkişafın baş verməsi bütün dünyaya məlumdur. Dağlıq Qarabağda isə ermənilər ağır şəraitdə yaşayırlar. Ona görə də sadə ermənilər Azərbaycanın tərkibində yaşamağa üstünlük verirlər".

B.Səfərov bildirib ki, Ermənistan tərəfi münaqişənin həlli ilə bağlı ciddi düşünməlidir. Çünki Azərbaycanın güclü ordusu var. Onun sözlərinə görə, müasir ordumuz torpaqlarımızı işğaldan azad etməyə hazırdır.

Milli.Az