Elxan Ələsgərov: "Azərbaycan Vyanada sivilizasiyalararası dialoqun inkişafına baxışını səsləndirdi və Qarabağla bağlı mövqeyini möhkəmləndirdi"

19 İyun 2019 20:39

Azərbaycanın Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda konfransda iştirak etməsi ölkənin regionda və dünyada dinlərarası və sivilizasiyalararası dialoqun möhkəmlənməsində rolunu gücləndirəcək.

Milli.Az bildirir ki, bunu Trend-ə "Baku Network" Ekspert Şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

Direktorun sözlərinə görə, Vyana konfransının Azərbaycan üçün vacibliyi ondadır ki, Bakı faktiki olaraq dinlərarası və sivilizasiyalararası dialoqun və multikulturalizmin özünəməxsus inkişaf modelini gündəmə gətirib:

"Azərbaycanda mövcud olan multikultural inkişaf prinsipini Avropada dəstəkləyirlər və Vyana konfransı bunu bir daha göstərir. Azərbaycanın bu tədbirdə iştirakı Azərbaycan-Avropa əməkdaşlığının gələcək inkişafı baxımından vacibdir".

Daha sonra ekspert Azərbaycan Prezidentinin konfrans iştirakçılarına ünvanlanmış məktubunun vacibliyini vurğulayıb:

"Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dövlət başçısı İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub. Fikrimcə, bu, çox ciddi xarici siyasi əhəmiyyətə malikdir. Eyni zamanda, Azərbaycanın bu cür vacib beynəlxalq məkanlarda iştirakı ölkənin imicini təkcə daxili quruculuq sahəsində möhkəmləndirmir, həm də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində dövlətimizin mövqeyini gücləndirir. Azərbaycan mərhələli şəkildə öz diplomatik gücünü artırır və faktiki olaraq Qarabağın mənsubluğu barədə erməni iddialarına yer qoymur".

E.Ələsgərov əlavə edib ki, Vyana konfransının gündəliyi fərqli olsa da, Qarabağ mövzusu aktualdır.

Milli.Az