Bu sevgi bitməz?

25 Oktyabr 2011 22:37
"Ford"a ABŞ-da olduğu kimi, İngiltərə və İrlandiyada da böyük tələb var.

Milli.Az xəbər portalı "Zaman Azərbaycan"a istinadən bildirir ki, dünya ölkələrində hansı avtomobil markalarının daha çox satıldığı barədə məlumatda göstərilir ki, Almaniyada ən çox "Volkswagen Golf", Fransada "Peugeot 207", İspanyada "Seat Ibiza", İtaliyada "Fiat Panda", Türkiyədə isə "Renault Symbol" satılır. Türkiyə mətbuatında yer alan məlumatda maraqlı məqamlardan biri də odur ki, "Toyota" Asiya, Yaxın Şərq və Afrikada ən çox satılan avtomobildir. Yaxın Şərq və Afrika ölkələrinin böyük əksəriyyətində "Toyota"nın "Hilux" markasına böyük tələb var. Varlı ərəb ölkələrində isə "Land Cruiser" daha çox satılan avtomobillərdən hesab olunur.

Afrikanın bəzi ölkələrində "Toyota Hilux" ilə "Mitsubishi Pajero" və "Mitsubishi L200" avtomobilləri ciddi rəqabət aparır. Uzaq Avstraliyada insanlar "Holden Commodore" avtomobilinə daha çox üstünlük verirlər. Keçmiş sovet ölkələrindən olan Ermənistanda "VAZ 2107" ən çox satılan avtomobillərin önündə gəlir. Elə bizim ölkədə də "VAZ-2107"yə yüksək tələb var. Nə qədər təəccüblü olsa da, "VAZ-2107"nin ən çox satıldığı ölkələrdən biri də Kubadır. Belə görünür ki, ada ölkəsində "VAZ-2107"ni hələ də "sovet maşını" hesab edirlər.

Ancaq gözlənilənlərin əksinə olaraq, Rusiya ilə yaxın iqtisadi və siyasi münasibətləri olan Qazaxıstanda "VAZ-2107"yə o qədər də yüksək tələb yoxdur. Bu ölkədə insanlar daha çox "Uz-Daewoo Nexia" markalı avtomobildən istifadə etməyə üstünlük verirlər. Rusiyanın özündə isə "Lada"nın yeni modelləri daha çox satılır. Dünyanın ən böyük istehlak bazarına sahib olan Çin bazarında "Volkswagen Lavida" liderlik edir. Yaponlar isə hər sahədə olduğu kimi, avtomobilə münasibətdə də mühafizəkar olduqlarını nümayiş etdirirlər. Gündoğar ölkədə "Suzuki" bütün rəqiblərini geridə qoymağı bacarır. Yaponiya kimi İranda da yerli istehsal - "Saipa 100" avtomobilinə böyük tələb var.

Milli.Az