Lor cərrah: Mütəxəssislər həmişə tonzillərin kəsilib götürülməsini tövsiyə etmirlər

19 İyun 2019 22:44

Boğaz əti dedikdə udlaq badamcıqları nəzərdə tutulur. Onlar latınca tonzillər adlanır. Boğaz əti bədənin immun sisteminin bir hissəsidir. Onun əsas funksiyası immun sisteminin formalaşmasına kömək etmək və bədənin müqavimətini artırmaqdır. Təəssüf ki, onlar daim ətraf mühitlə təmasda olduğundan bakteriyalar üçün mənbəyə çevrilə bilər. Bu da il ərzində hətta 10 dəfəyə qədər iltihablaşmaya səbəb ola bilər. Nəticədə hərarətin yüksəlməsi, bogaz ağrılarının olması, qida qəbulunun çətinləşməsi kimi şikayətlər verir. Belə hallar davam edərsə, gələcəkdə uşaqlarda oynaq ağrıları, ürək və böyrək problemlərinə səbəb ola bilər.

Milli.Az bildirir ki, bu barədə AZƏRTAC-a Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının lor cərrahiyyə şöbəsinin müdiri Murad Şıxəliyev məlumat verib.

"Mütəxəssislər heç də həmişə tonzilləri kəsib götürməyi tövsiyə etmirlər. Lakin əgər il ərzində bir neçə dəfə boğaz ətinin iltihabı baş verirsə, onu cərrahi əməliyyatla kəsib götürməkdən başqa çarə qalmır. Nəticədə xəstələr uzun müddətdən sonra əziyyətdən xilas olurlar. Həmin əməliyyatda qanaxma riski olduğundan lor cərrahların çox da ürəyincə edilən cərrahi müdaxilə növü deyil.

Bəzən azyaşlılarda badamcıqların böyük olması hallarına da rast gəlinir. Bu, xəstəyə ağrı, şikayətlər verməsə də, udqunma problemi yaradır və fiziki inkişaflarına mane olur. Bu zaman onlar tam deyil, bir hissəsi götürülərək həcmi azaldılır", - deyə mütəxəssis qeyd edib.

Milli.Az