Səfir: “Bölgədə davamlı sülh Dağlıq Qarabağ münaqişəsinin həllindən asılıdır”
12 Aprel 2010 11:09
"Türkiyə Ermənistanla imzalanmış protokolların ruhuna sadiqdir".
Milli.Az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç ANS TV-yə müsahibəsində deyib. Onun sözlərinə görə, buna baxmayaraq, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı protkolların reallaşdırılmasına mənfi təsir göstərir. Hulusi Kılıç bildirib ki, rəsmi Ankara ötən ilin payızında Sürixdə imzalanmış protokolların ratifikasiyası şərtlərini bəyan edib: "Dedik ki, biz bölgədə davamlı və hərtərəfli sülh istəyirik. Bu sülh isə yalnız Ermənistanla Azərbaycan arasındakı problemin həlli, daha dəqiqi, Dağlıq Qarabağ və ətraf rayonların işğaldan azad edilməsi ilə mümkündür. Söhbət iki prosesdən gedir - Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin həlli. Bu proseslər paralel getməli və eyni vaxtda da başa çatmalıdır". Hulusi Kılıç hesab edir ki, yalnız bu yolla bölgədə sülh əldə oluna bilər.
Türkiyənin Azərbaycandakı səfiri Qərbin, eləcə də Ermənistanın münasibətlərin normallaşdırılması və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması proseslərini bir-birindən ayırmaq cəhdlərinə də münasibət bildirib. Onun sözlərinə görə, Türkiyənin mövqeyi dəyişməzdir və iki prosesin paralel aparılması, eyni vaxtda da yekunlaşması qənaəti qətidir: ""Proseslər paralel aparılmasın" deyənlər əvvəlcə Dağlıq Qarabağ münaqişəsini həll etsinlər, sonra digər problemə keçək. BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı dörd qətnaməsi var. Əvvəlcə bu qətnamələrin yerinə yetirilməsi təmin olunsun".
Milli.Az