"Qaz balonu potensial mina deməkdir"

25 Oktyabr 2011 21:11
"Ekspress" qəzeti yazır ki, qazdan düzgün istifadə etməmək çox vaxt partlayışla və ya yanğınla nəticələnir. Havaların soyuması və bunun müqabilində qaz təzyiqinin azalması İran sobalarına və qaz balonlarına ehtiyacı artırıb. Amma əhalinin çoxu hələ də İran sobasından və qaz balonundan düzgün istifadə qaydalarını bilmir.

Azad İstehlakçılar Birliyinin eksperti Nüsrət Qasımovun sözlərinə görə, qaz balonlarından uzun illərdir istifadə edilir. "Əvvəllər bu balonların istifadəsinin yararlılığı ilə xüsusi idarə məşğul olurdu. Hazırda isə belə balonlar nəzarət edilmədən satılır", - deyən ekpert hesab edir ki, qaz balonları vaxtaşırı yoxlanılmalı və sınaqdan keçirilməlidir. Dediyinə görə, qaz balonlarına nəzarət edən bir idarə mütləq olmalıdır. "Çünki zaman keçdikcə, metal öz keyfiyyətini itirir. Balonlar əsasən Rusiyadan Azərbaycana gətirilir. Ölkədə bu balonların satışı və istifadəsinə nəzarət olunmalıdır".

Dönər zəhərlənmələrini də bu problemlə bağlayan həmsöhbətimiz bildirdi ki, bir çox dönərxanalar bu balonlardan istifadə etdiyi üçün zəhərlənmə hallarının sayı artıb. "Propan yanan zaman tam yanma prosesi getmir, qazın tərkibində olan bəzi maddələr dəm qazı formasında ətin üzərinə hopur ki, bu da kütləvi zəhərlənmələrə səbəb olur".

N.Qasımov bu problemin aradan qaldırılması üçün xüsusi bir qurumun yaranmasına ehtiyac duyur. "Qaz balonu potensial mina deməkdir. Kim harda istəyir - yaşayış yerlərində, zirzəmilərdə - bu qaz balonlarını gətirib quraşdırırlar".

Qış fəslində bəzi mənzillərdə doldurma qazla çalışan sobalardan istifadə olunduğunu deyən AİB-in eksperti bu sobaların zəhərlənmə halları ilə yanaşı güclü partlayışa də gətirib çıxardığını bildirir. Dediyinə görə, bu sobalarda istifadə olunan qazın partlama qüvvəsi metan qazından 3-4 dəfə artıq olur. "Metan qazının istilik yaratma qabiliyyəti 8500 kilo kaloridirsə, bu qazlarda 324 min kilo kaloridir. Metan qazının aşağı partlama həddi 4,5 faizdirsə, bu qazların partlama həddi 2,5 faizdir. Yəni bu qazlar bir yerə 2,5 faiz yığılarsa, partlama baş verə bilər. Bu zaman partlayışın zərbə qüvvəsi 1 kvadratda 100 tona bərabərdir".

Ekspertin sözlərinə görə, bu sobaların xüsusi istifadə qaydaları və normaları var və bu normalara uyğun istifadə olunmalıdır. Sobalar mütəxəssislər tərəfindən quraşdırılmalıdır. "İndi insanlar pul verməmək üçün özləri ustalıq edirlər. Bunun qarşısını almaq üçün xüsusi bir idarə yaranmalı və qaz təchizatına xüsusi nəzarət edilməlidir".

Milli.Az