Bu ölkə plastik paketlərdən ödənişsiz istifadəni ləğv edəcək

16 İyun 2019 13:36

Yaponiyada gələn ilin aprelindən başlayaraq pərakəndə satış müəssisələrində alıcılara plastik paketlərin ödənişsiz verilməsi ləğv ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Yaponiyanın iqtisadiyyat, ticarət və sənaye naziri Hiroşiqe Seko hökumətin planları barədə məlumat verərkən bildirib.

G20 ölkələrinin enerji və iqlim məsələləri üzrə nazirlərinin Naqanoda keçirilən görüşündə H.Seko qeyd edib ki, dünya okeanının plastik tullantılarla çirklənməsi ümumdünya problemidir və onun aradan qaldırılması ictimai təşkilatlarla yanaşı, həm də özəl sektorun işidir.

Yapon nazir deyib ki, hökumət hansı növ plastik paketlərin və xammalın ləğvi üzərində sürətlə çalışır. Bununla əlaqədar kiçik və orta biznesin müdafiəsi məqsədilə addımların atılması da nəzərdə tutulur.

Milli.Az