Ruslar “Çernobıl” serialına niyə bu qədər ağrılı reaksiya verirlər?

15 İyun 2019 17:28

Çünki Kreml üçün Rusiyanın keçmişdəki böyüklüyü barədə doğrular yox, yalan və mif lazımdır.

Milli.Az musavat.com-a istinadən bildirir ki, "Çernobıl" serialı Putin rejimi üçün az qala 1986-cı ilin qəzası qədər zərərli və ziyanverici hadisə kimi qəbul olunur. Çünki Kreml Rusiyanı pafoslu və təbliğat xarakterli filmlərlə göstərmək istədiyinə görə bu cür həqiqətləri ortaya qoyan filmlər onlar üçün təhlükə mənbəyi daşıyır.

"Serialın birinci hissəsində kommunist məmurların dilindən belə bir cümlə səslənir: "Real təhlükə partlayan atom elektrik stansiyası yox, faciənin özü barədə xəbərin çıxmasıdır. Bu cümlə 80-ci illərdə Sovet İttifaqıının söykəndiyi yalan, saxtalıq və qeyri-insanlığı ortaya qoyur", - deyə "The Washington Post" qəzetindən Lyuk Conson yazır.

Müəllifin fikrincə, məhz həqiqət məsələsi ABŞ-da "Çernobıl"ı yay hitinə çevriməyi bacarıb. Lakin Rusiyaya görə bu tarixin təftişindən başqa bir şey deyil. Çünki rejim üçün ölkənin tarixi ilə bağlı tənqidi araşdırmalar indiki Rusiyaya da edilən hücum olaraq qəbul edilir.

"Rusiya hökuməti Brejnev dövründəki Sovet İttifaqı kimi avtokratik rejimi legitmləşdirmək üçün dövlətin keçmişdəki əzəmətli günlərini, əsasən də II dünya müharibəsindəki qələbəni çox qabardır. Buna görə də Kremlə yaxın media "Çernobıl" və onun ətrafında yaranan hay-küyü xüsusi təhqir kimi qəbul edir. Hətta Kremlin NTV kanalı qəzada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əli olduğu barədə öz serialını çəkməyə hazırlaşır", - deyə yazıda qeyd olunur.

Müəllfin fikrincə, rus mediasının seriala reaksyası əslində Vladimir Putinin Rusiyanın keçmişinin və tarxinin bir-biri ilə bağlı olduğu barədə nəzəriyyəsini ifadə edir: "Keçmişə milli əzəmət və ya qürur dövrü baxılmalıdır ki, bununla da əvvəlki qüdrətli zamanlara geri qayıtmaq barədə verilən sözlərin mənası olsun. Əgər həmin tarixdə faciəli nəsə baş veribsə, bunlar ötəri hadisə kimi xatırlanmalı və indikilər üçün model rolu oynamamalıdır. Çernobıl bu qaydanın qorunduğu tək mövzu deyil. Rusiya dövlət xadimləri indi də eyni təfəkkürlə Stalin repressiyalarını müdafiə edirlər".

Lyuk Consona görə, "Çernobıl" Sovet İttifaqını qüdrətli dövlət olaraq deyil, üçüncü dünya ölkəsi kimi göstərir.

"Lakin Kreml yanlılarının reaksiyası əslində heç nəyin dəyişmədiyini göstərir. Milli qüdrət duyğusunu saxlamaq üçün xarici düşməni başına gələn bütün bəlalara görə günahlandırmaq sovet rejimini 1986-cı ildən sonrakı gələcəyini qorumağa yetmədi. Eyni strategiya bundan sonra da işləməyəcək",-deyə müəllif yekunda bildirir.

Milli.Az