Azərbaycanın şou-biznes əhli aparıcılıq etdi və mükafatlar aldı - REPORTAJ - FOTOSESSİYA

25 Oktyabr 2011 13:57
Şou-biznes nümayəndələrinin mükafata layiq görülməsi xeyli marağa səbəb olub.

Rejissor Nail Naiboğlunun təşkilatçılığı ilə keçirilən tədbirin aparıcıları fərqli idilər - müğənnilər Nadir QafarzadəSevda Yahyayeva. İlk dəfə birlikdə aparıcı qismində iştirak edən ifaçılar heç də peşəkar aparıcılardan seçilmirdilər.

Yerli şou-biznesin çoxluq təşkil etdiyi məkanda yenidən maraqlı və gözdən qaçan məqamlar baş verdi.

İlk marağımıza səbəb olan xalq artisti Aygün Kazımovanın qızı İlqarə İbrahimli oldu. Mükafat almağa stilist Anar Ağakişiyevlə qatılan gənc ifaçı, deyəsən, özünü narahat hiss edirdi. Kənardan onu müşahidə edərək çəkisindən kompleksə düşdüyünü də görmək çətin deyildi. İlqarə hətta şəkil çəkdirərkən belə sanki nəfəs almırdı.

Mərasimə həyat yoldaşı ilə qatılan Bəyimxanım Vəliyeva isə jurnalistlərin maraq dairəsində idi. Bütün yerli kanallar, eləcə də mətbuat nümayəndələri ondan müsahibə almaq üçün növbəyə düzülmüşdülər. Mükafatını alan müğənni yeni mahnısını ifa edəndən sonra foyeyə çıxdı. Əl çantasını isə həyat yoldaşına tapşırmışdı. Gözümüzdən həmçinin müğənninin gecikən gül dəstəsi də qaçmadı. Səhnədə təqdim olunmalı gülləri müğənni məkanı tərk edənə yaxın aldı. Qulağımızın şahidi olduq ki, onları elə həyat yoldaşı sifariş etmişdi.

Mərasimə qatılan reper Hüseyn Dərya da hər zaman olduğu kimi, öz ampluasında idi. Foyeyə tələsərək çıxan reperi söhbətə tutmaq istədik, o isə bu sözləri dedi: "İndi elə vəziyyətdəyəm ki, heç danışa da bilmirəm. Partlayıram!" Reperin sözlərindən bəlli oldu ki, o, ayaqyolu axtarışındadır. Görəsən, tapdımı?

Mərasimdə iştirak edən müğənni Elnur Məmmədov 29 yaşına qədəm qoysa da, heç ad günü ab-havasında deyildi. Ondan həmkarı Röyanı soruşmaq istədik, lakin Elnur o haqda danışmaq belə istəmədi. Onu da qeyd edək ki, müğənni yerli telekanala müsahibə verən zaman ağzında saqqız çeynəyirdi.

Elnurun yaxın dostu həmkarı Natəvan Həbibi isə hər zamankı kimi dostunun yanında idi. Onlar bütün tədbirlərdə olduğu kimi, birlikdə gəzirdilər. Gözümüzdən həmçinin Sevda Yahyayeva oxuduğu zaman Natəvan Həbibinin zalı tərk etməsi də yayınmadı. Maraqlandıq, bəlkə tərəflər arasında soyuqluq yaşanır? Sualımıza cavab verən Sevda hər şeyin yaxşı olduğunu və Natəvanla heç bir problemin olmadığını dedi.

Tədbirdə müğənni Ayan Babakişiyeva da iştirak edirdi. İfaçı nəyəsə yaman sevinirdi. Məsələnin nə olduğunu soruşsaq da, sevincli Ayan sirrini bizimlə bölüşmədi. Lakin bir məsələ bəlli idi, Ayan tək mükafata layiq görüldüyü üçün sevinmirdi.

Gecənin tək rəqqasəsi isə Fatimə Fətəliyeva idi. Uzun zamandır görünməyən rəqqasənin çəkisinin bir az artması da nəzərdən qaçmadı.

Onu da qeyd edək ki, tədbirin birinci hissəsinin aparıcıları Sevda və Nadir məkanı tez tərk etdilər. Onlar toya tələsirdilər və aparıcılıq missiyasını İlahə NizamiqızıŞəmsəddin Abbasova həvalə etdilər.

Teatra səssiz-səmirsiz gəlib-gedənlərin sırasında isə xalq artisti Məleykə Əsədova, müğənnilər Zamiq, Səidə Sultan, Roza Zərgərli, Ruhi, Səbinə İlyasova, Yaşar Cəlilov və öncəgörücü Yeganə Zeynalova oldu.

Mərasimdə rejissor qismində iştirak edən Nail Naiboğlu da sanki "başqa" aləmdə idi. Rejissor bir dəqiqə belə telefondan ayrılmadı. Bir də baxdıq ki, mərasim sona çatdı...

Mələk
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.