Aristotel və Əflatun faizin əleyhinə çıxış edirdilər - SƏBƏB

23 İyun 2019 22:50

Qədim Hindistanda bank olmadığı üçün xalq pulunu evlərinin zirzəmilərində və ya gizli yerlərində qoruyurdu. Qoruma gücü olmayan isə əlindəki pulu qoruması üçün bir dostunun yanında əmanət qoyurdu. Tacirlər Buddizm dövründə əllərində olan qiymətli sənədləri mübadilədə istifadə üçün bank sisteminin yaranmasını təmin etdilər. Hindistanda götürülən kredit 18 faizlə verilirdi.  

Milli.Az faktxeber.com-a istinadən bildirir ki, Meqasfen belə deyir: "Hind xalqı nə borc almağı bilir, nə də pulunu sələmə verməyi! Bir hindlinin səhv etməsi gözlənildiyindən fərqli idi. Buna görə də hindlilər hər hansı bir müqavilə bağlamadıqları kimi, girova da ehtiyac duymurdular. Hind xalqı topladığı pullarını mübadilə və iqtisadi bir müqavilədə istifadə etmədiyi halda, onları gizli yerdə saxlamaq məcburiyyətində qalırdı və ya onunla dəyərli sayılan zinət əşyaları almağı üstün tuturdu. (Vill Durant, "Tarixi Təməddun", c. 2, s. 586 və 587)

Brahmanın etirazına baxmayaraq, kredit vermək adəti yavaş-yavaş yayılmağa başladı. Kredit alındıqda faizin miqdarı adətən 20% olurdu. Ancaq bu, kredit alan qəbilənin vəziyyətinə görə 12-60% arasında dəyişirdi.

Kredit alan şəxs borclardan xilas üçün iflas olduğunu desə belə, bu onu xilas edə bilmədiyi kimi, öləndə də onun uşaqları və altı nəslə qədər borclu şəxsin borclarını ödəmək məcburiyyətindəydi. (Vill Durant, "Tarixi Təməddun", c. 2, s. 686)

Qədim Çində dəyəri olan kağızların işlədilməsi və sikkələrin genişlənməsi, mübadilə işini asanlaşdırırdı. Çin tacirləri 36 faizlə bir-birinə kredit verirdilər. Sələmçilər dözdükləri çətinliklərə və təhlükələrin dərəcəsinə görə kredit götürən şəxsdən faiz alırdı. Onlar yalnız borc və kreditə ehtiyac hiss edilən dövrlərdə xalqın yanında nüfuza malik idi. Qədim Çin atalar sözündə belə deyilirdi: "Böyük oğrular sərraflıq edər." (Vill Durant, "Tarixi Təməddun", c. 2, s. 1051)

Yunanlarda faiz

Qədim yunan filosoflarının çoxu faizi pis bir şey hesab edirdi. Əflatun faizi "Qanun" adlı kitabında qadağan etməyi irəli sürüb və belə yazıb: "Heç kim öz qardaşına faizlə borc vermək hüququna malik deyil". Əflatun borclunun ehtiyacı vəziyyətində borcunu ödəməmək hüququna malik olduğunu da söyləyib. (Baqir Qadiri Asli, "Seyr-i əndişe-yi iqtisadi", s. 9; Məhəmməd Əbu Zuhri, "Buhusun fi'r-riba, s. 12)

Əflatun deyirdi: "Pul və fəzilət bir tərəzinin iki gözü kimidir. Tərəzinin bir tərəfinin yuxarı qalxması, digərinin isə aşağıda düşməməsi mümkün deyil."

O, pul və sərvətə bağlanmağın pis şey olduğunu bildirib və sələm yeməyi qadağan etməyin vacibliyini irəli sürüb. Əflatun deyirdi: "Qızıl və gümüş sikkəyə meyl əvəzinə, öz uşaqlarınıza fəziləti miras qoyun."

Əflatunun tələbəsi olan Aristotel də sələmin ən böyük müxalifətlərindən olub. Onun fikrincə, pul mübadilə üçün vasitədən başqa bir şey deyil və cəmiyyətdə mübadilə prosesini asanlaşdırmaq üçün istifadə edilməlidir: "Pulu borc kimi verib, əvəzində qazanc üçün faiz almaq anormal haldır. Çünki pul öz halında məhsuldar deyil, əksinə qısırdır. (Həsən Məhəmməd Təqi Cəvahiri, "Ər-Ribau fiqhiyyən və iqtisadiyyən, s. 322 ve 323)

Vill Durant yunanlar arasında geniş yayılmış sələm haqqında belə deyir: "Afinada kağız pul, dövlət krediti, şirkət səhmi, birja və valyuta mübadiləsi yox idi, ancaq bank sektoru normal və özünü itirməyəcək şəkildə işləyirdi. Çünki kreditə ehtiyacı olmayanlar və alimlər, sələmi bir cinayət kimi görürdü. Beşinci əsrdə Afina xalqından sərvət sahibləri və pul yığmaq istəyənlər pullarının çoxunu özlərində saxlayır və banklara vəsait qoymazdı. Ancaq xalqdan bəziləri isə zəmanət qarşılığı 16-18 faizlə pullarını borc kimi verirdilər. Bir qrup isə pulunu qazanc götürmədən öz dostlarına kredit kimi verir və ya məbədlərə əmanət kimi qoyardı.

Məbədlər isə bankların əvəzinə aşağı faizlə əhaliyə kredit verməyə başlayıb. Delfidəki Apollo məbədi Yunanıstanın beynəlxalq bankı sayılırdı. Dövlətlər xalqdan kredit götürməzdi, ancaq bəzi xüsusi hallarda dövlətlər bir-birinə kredit verməyə başladılar. Beşinci əsrdə stol arxasında oturan sərraflar get-gidə insanlardan əmanət kimi aldıqları pulları tacirlərə 12-30%-lə borc verməyə başladılar. Beləliklə, Afina sərrafları bankir oldular. Baxmayaraq ki, qədim Yunan tarixinin sonuna qədər onların "stol sahibi" mənasını verən "Trapezite" olan adları qalıb." ("Tarixi Təməddun", c.5, s.41-42)

Qədim Yunanıstanda faizli borcun məqsədi yalnız istehlak və gündəlik ehtiyacları ödəməklə yanaşı, inkişaf etməkdə olan ticarətin böyüməsi üçün istifadə olunurdu. Qədim Yunanıstanda faizli kreditə yalnız xalq mübtəla deyildi. Hətta dövlət də öz işlərini görmək üçün faizli kredit almaq məcburiyyətində qalırdı. Faizli kredit almağın ən böyük səbəblərdən birinin, o zamankı dini inancın xalqı faizə təşviq etməsi və bu cür borca səssiz qalmasını göstərmək olar. Çünki xalq üzərində hakim olan inanc sistemi faizli borca mane olmağa cəhd göstərsəydi, faizli borc bu qədər çox yayılmazdı.

Yunanlar quruda ticarət etmək üçün alınan borc ilə dənizdə ticarət üçün alınan borc arasında fərq qoyurdu. Çünki quruda alınan kreditin sadəcə ödənməmək təhlükəsi var idi, ancaq dəniz ticarəti üçün alınan kredit yüzlərlə təhlükə ilə qarşılaşırdı. Təhlükələri azaltmaq üçün qoyulan təminatlara baxmayaraq, təhlükələr çoxaldıqca faiz nisbəti də artırdı. Ona görə də bu vəziyyət quruda alınan kreditə də təsir göstərirdi.

Quruda aparılacaq ticarət üçün alınan kreditin illik faizi 12, ticarətdən kənar işlər üçün alınan kreditin illik faizi 16-18 və dəniz ticarəti üçün alınan kreditinin faizi 20-40, hətta 60 faizə qədər qalxırdı. Dəniz ticarəti üçün götürülən kreditin faizi təhlükənin növünə, şəxsin mövqeyinə, gəminin vəziyyətinə, səfərin müddətinə, iqtisadi və siyasi vəziyyətlərə bağlı idi.

Yunanıstanda borc məsələsi üçün görülən tədbirlərə baxmayaraq, yenə də vəziyyət borclular üçün pisləşirdi. Buna ödənməyən faizlərdən sələm almaq, həmçinin borc verilən məbləğin faizinin bəri başdan verilən məbləğdən çıxılması kimi hallar nümunə göstərilə bilər.

Milli.Az