Deputat: "Azərbaycanın bugünkü müstəqilliyi məhz Heydər Əliyevin siyasəti sayəsində mümkün olub"

12 İyun 2019 20:51

Azərbaycanın bugünkü müstəqilliyi və qüdrəti məhz ulu öndər Heydər Əliyevin siyasəti sayəsində mümkün olub.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

Deputat vurğulayıb ki, müstəqilliyin ilk dövründə Azərbaycanda vəziyyət olduqca kritik idi:

"O zamankı hakimyyətin səriştəsiz fəaliyyəti hər gün ölkəni xaosa və parçalanmağa sürükləyirdi, Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz o çətin vəziyyətdə Azərbaycanı bu bəlalardan ulu öndər Heydər Əliyev xilas etdi. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkədəki bütün özbaşınalıqlara son qoydu, sabitliyi bərpa etməyə başladı.

Heydər Əliyev hakimiyyətə gəldiyi ilk günlərdən ölkədə ictimai-siyasi sabitliyin bərqərar olması, müstəqilliyin və dövlətçiliyin möhkəmlənməsi istiqamətində əməli addımlar atmağa başladı. Qısa müddət ərzində qanunsuz silahlı dəstələr və separatçı qüvvələr zərərsizləşdirildi, dövlət çevrilişi cəhdlərinin qarşısı alındı, müharibədə uzunmüddətli atəşkəsə nail olunmaqla erməni təcavüzü dayandırıldı".

B.Əliyev bildirib ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin yaradılması, möhkəmləndirilməsi, inkişafı, qüdrətli ölkəyə çevrilməsi uğrunda göstərdiyi xidmətləri, fədakarlığı, mübarizliyi sözlə ifadə etmək çətindir:

"Heydər Əliyev Azərbaycan xalqı, ölkəmizin müstəqilliyə qovuşması uğrunda canını, sağlamlığını belə əsirgəməyib. Sadəcə bir faktı xatırlatmaq yetər. Azərbaycan xalqının qan yaddaşına daxil olan 20 Yanvar faciəsi zamanı hamıdan əvvəl xalqının səsinə səs verən məhz Heydər Əliyev oldu".

Millət vəkili vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin işləyib hazırladığı siyasət bugünkü müstəqil dövlətin qərarlaşması, inkişafı, Azərbaycan xalqının çox işıqlı və inamlı gələcəyini təmin edib:

"Azərbaycan bu gün böyük dövlətlər arasında özünə yer tutub, qüdrətli, güclü bir ölkəyə çevrilib və bu gün hər bir azərbaycanlı həqiqətən də Azərbaycan Respublikasının vətəndaşı olmağı ilə fəxr edir və öz dövləti ilə qürur duyur. Bu qürurun da əsasını qoyan ulu öndər Heydər Əliyevdir. Bu gün də ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan sürətlə inkiaf edir. Heydər Əliyev ideyaları bu gün də yaşayır, Azərbaycan dövlətinin inkişafı və qüdrətlənməsinə xidmət edir".

Milli.Az