Avropa İttifaqı ərazisində dronların uçuşu ilə bağlı vahid qaydalar tətbiq olunacaq

13 İyun 2019 07:07

Son illərdə həvəskarlar arasında sevimli əyləncə aparatına çevrilən dronlar getdikcə rəsmi qurumları narahat edir. Son dövrlərdə bir sıra Avropa ölkələrində hava limanları ərazisində dronların hava nəqliyyatının fəaliyyətini pozması isə Uçuşların Təhlükəsizliyi üzrə Avropa Agentliyini (EASA) bu istiqamətdə yeni qaydalar tətbiq etməyə vadar edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, növbəti ildən etibarən bütün Avropa ərazisində pilotsuz uçuş aparatları (PUA və ya dron) ilə bağlı vahid qaydalar mövcud olacaqdır. Bu isə beynəlxalq uçuşlar zamanı dronların hava nəqliyyatına göstərdiyi təsirə qarşı milli qanunvericiliklə deyil, bütün Avropada vahid qaydalar əsasında addım atmaq imkanı verəcəkdir.

Yeni standartlara əsasən, hava nəqliyyatının təhlükəsizliyini artırılması üçün Avropada istifadə olunan hər bir dron identifikasiya olunmalıdır və bu da hər hansı hadisə baş verərkən, bu dronun sahibinin tapılmasında rəsmi qurumların işini asanlaşdırmalıdır.

EASA rəhbəri Patrik Ki bildirib ki, gələcəkdə bir tərəfdən istehsalçı şirkətlər, digər tərəfdən isə istifadəçilər dronlardan istifadə edərkən hansı ərazilərdə nələrə icazə verilməsinə dair aydın təsəvvürlərə malik olacaqlar.

Vahid qaydalar Aİ ölkələrinin milli qanunvericiliyində uyğunlaşdırmalar aparıldıqdan sonra, 2020-ci ilin iyunundan etibarən qüvvəyə minməlidir.

Milli.Az