Mercedes-Benz GLB debüt edib - VİDEO - FOTO

18 İyun 2019 23:35

Mercedes-Benz şirkəti yığcam GLB krossoverini təqdim edib. Köndələn mühərrikli öndənçəkişli platformada inşa edilən krossover alman istehsalının model cərgəsində GLA və GLC modellərinin arasında yer alacaqdır. Alman istehsalçısı yeni krossoveri böyük ailə sahiblərinə və çoxsaylı kampaniya ilə təbiətə yollanmağı sevənlərə ünvanlayıb.

Mercedes-Benz GLB modelinin qabarit uzunluğu 4634 millimetr, eni 1834 millimetr, hündürlüyü isə 1658 millimetrdir. Beləliklə,  GLB modeli GLC krossoverindən 35 millimetr qısa, 56 millimetr ensiz və 14 millimetr hündürdür. Krossoverin təkər bazasının genişliyi 2829 millimetrdir ki, bu da GLC modelində olduğundan 44 millimetr azdır.

Milli.Az autograph.az-a istinadən bildirir ki, GLB modeli standart olaraq beşyerli salonla təklif ediləcəkdir. Əlavə ödənişlə üçüncü oturacaq cərgəsini də sifariş etmək mümkündür. Lakin, istehsalçı  üçüncü cərgədə yalnız boyu 1,68 metr olan sərnişinlər rahatlıqla oturacağını bildirib. Bununla belə, üçüncü cərgə uşaq kreslosunu yerləşdirmək üçün Isofix bərkitmə nöqtələrinə malikdir.

İkinci cərgənin oturacaqlarının kürək hissəsi 40:20:40 nisbətində bölünür və yeddi vəziyyətdə tənzimlənir.  Bundan başqa, oturacaqların uzununa tənzimlənməsi sistemini də sifariş etmək olar. Bu halda, oturacaq cərgəsini 140 millimetr diapazonunda hərəkət etdirmək mümkündür. Opsiyalar arasında ön sərnişin oturacağının kürək hissəsinin qatlanması da var.

Yeddiyerli avtomobildə baqaj bölümünün nominal xarakter daşıdığını istehsalçı özü də bilir və bu səbəbdən də onun həcmini açıqlamayıb.  Beşyerli modifikasiyanın isə 560 litrlik baqaj götürəcəyi qeyd olunub. İkinci cərgənin maksimal dərəcədə önə çəkdikdə isə əlavə 190 litrlik məkan alınır. İkinci cərgənin qatlanması halında baqajın həcmi 1755 litrə qədər artır.

Mercedes-Benz GLB modelinin interyeri A, B və CLA modellərinin dizayn üslubunda tərtib edilib. Burada virtual cihazlar panelini, MBUX multimedia sistemini və hava deflektorlarının "turbinlərini" görmək olar. Avtomobilin opsiyalar siyahısına ön oturacaqların elektrik ötürməsi, Energizing funksiyalı massaj sistemi, Multibeam matrusa fənərləri və adaptiv kruiz-kontrol daxil edilib.

Yeni krossover dörd modifikasiyada təklif ediləcəkdir. Başlanğıc Mercedes-Benz GLB 200 modifikasiyası 163 at qüvvəli 1,3-litrlik turbomühərrik və 7G-DCT robotlaşdırılmış ötürmələr qutusu ilə təklif edilir. Mercedes-Benz GLB 250 versiyası 224 at qüvvəli 2,0-litrlik benzin, GLB 220d və GLB 220d versiyaları isə, müvafiq olaraq, 150 və 190 at qüvvəli 2,0-litrlik dizel mühərrikləri ilə təchiz edilirlər. Bütün aqreqatlar yeni səkkiz pilləli 8G-DCT "robotu" ilə tandemdə çalışırlar. Əlbəttə ki, sonradan modelin "bərkgedən" AMG versiyası da işıq üzü görəcəkdir.

Krossoverin sadə versiyaları öndən çəkişlidirlər. Opsional olaraq arxa oxu qoşan çoxdiskli muftaya malik olan 4Matic tam ötürməli çəkiş sistemi də təklif edilir. Bu sistem Eco/Comfort rejimlərində belə fırlanma anının 20% arxa oxa ötürür. Əlavə olaraq, krossoveri Off-Road Engineering Package dəsti ilə də sifariş etmək olar. Bu dəstin tərkibinə hərəkət elektronikasının "offroad" rejimi, dağdan enmə və yoxuşa qalxma zamanı yardım sistemi, multimedia sisteminin ekranında ön təkərlərinin vəziyyətini əks etdirən funksiya, həmçinin Multibeam fənərlərinin genişbucaqlı işıqlandırma rejimi daxil edilib. Opsiyalar siyahısında adaptiv amortizatorlar da vardır.

Mercedes-Benz GLB modeli Meksika və Çindəki zavodlarda istehsal ediləcəkdir. Avtomobillərin satışına bu ilin sonunda başlanacaqdır.

Milli.Az