Cavanlıqda arvadını sevən şəxsi güllələdi - Hacıqabuldakı cinayətin TƏFƏRRÜATI

12 İyun 2019 15:34

Hacıqabul rayonunda qohumuna odlu silahdan atəş açaraq öldürmək istəməkdə təqsirli bilinərək məhkum olunan Soltanov İxtiyar Tofiq oğlu Ali Məhkəməyə müraciət edib.

Milli.Az ölkə.az-a istinadən xəbər verir ki, onun müraciəti ilə bağlı məhkəmə baxış iclası hakim Əli Seyfəliyevin sədrliyi ilə avqust ayının 28-də keçiriləcək.

Qeyd edək ki, hadisə Hacıqabul rayonunun Nəvahi qəsəbəsində  baş verib. 2015-ci il mayın 29-u gecə saat 04 radələrində  Hacıqabul rayonu Nəvahi qəsəbəsinin ərazisində yerləşən "Nur" kafesində qəsəbə sakini İxtiyar Soltanov münaqişə zəminində ov tüfəngindən atəş açaraq qohumu, Salyan rayon sakini Mikayıl Əzizova xəsarət yetirib. İ.Soltanov könüllü olaraq Hacıqabul RPŞ-yə gələrək təslim olub və hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "TOZ-12" markalı tüfəngi təhvil verib.
Araşdırmalar zamanı məlum olub ki, İxtiyarı tüfəngə əl atmağa qısqanclıqdan doğan köhnə ədavət vadar edib. Güllələnən Mikayıl əvvəllər İxtiyarın həyat yoldaşını sevirmiş.

Hadisə baş verən günü də, Mikayıl İxtiyarın işlədiyi vulkanizasiya sexində söhbət edən zaman köhnə sevgisi onu dilə gətirib. Onun İxtiyara "sənin yoldaşını mən sevirdim, amma sənə qismət oldu" deməsi qanlı hadisə üçün qığılcım olub. Tüfəng götürüb gələn İxtiyar Mikayılı elə sexinin yaxınlığındakı marketdən bayıra çağırıb atəş açıb. İki güllə Mikayılın daxili orqanlarını zədələyib.

Milli.Az