Beynəlxalq Qılıncoynatma Federasiyası Bakı Çempionatından razı qalıb
11 Aprel 2010 21:31
Milli.Az xəbər verir ki, Maksim Paramonov Bakıda keçirilən gənclər və yeniyetmələr arasında qılıncoynatma üzrə dünya çempionatını barədə fikirlərini jurnalistlərlə bölüşüb. O, çempionatın yüksək səviyyədə təşkil edildiyi deyib. Qonağın fikrincə, Azərbaycanın Qılıncoynatma Federasiyası daha yüksək səviyyəli turnir təşkil etməyə hazır olduğunu nümayiş etdirdi.
M.Paramonov bildirib ki, Bakıda keçirilən çempionatda 100-ə yaxın federasiyanın iştirak etməsi Azərbaycana olan böyük marağın göstəricisidir.
Qeyd edək ki, aprelin 2-10 Bakıda keçən gənclər və yeniyetmələr arasında qılıncoynatma üzrə dünya çempionatına 87 ölkədən 1565 idmançı qatılıb.
Qılıncoynatma üzrə Avropa konfederasiyasının prezidenti Fransişek Yanda mətbuat konfransında bildirib ki, hazırda onun başçılıq etdiyi konfederasiyanın qarşısında duran məsələ Azərbaycan qılıncoynadanlarının səviyyəsinin qabaqcıl Avropa ölkələrinə yaxınlaşmasına nail olmaqdır. " Bu Azərbaycan idmançılarının, müntəzəm olaraq, müxtəlif dərəcəli avropa turnirlərində çıxış etməsi, bu ölkələrdə azərbaycanlı məşqçilərin hazırlanması və Azərbaycan qılıncoynatma federasiyasını lazımi avadanlıqlarla təmin etmə anlamına gəlir"- deyə Yanda qeyd edib.
Hal - hazırda Azərbaycan 2012 ildə böyüklər arasında qılıncoynatma üzrə Avropa çempionatını keçirməyə iddialı olan yeganə ölkədir.
Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Ramin Məmmədov isə deyib ki, Dünya Çempionatının Azərbaycanda keçirilməsinin əsas məqsədi qılıncoynatma idman növünün ölkədə və regionda geniş yayılmasına nail olmaqdır.
O, dövlət tərəfindən dəstək və ölkədə qılıncoynatmaya qarşı marağın yüksəlməsi sayəsində, Azərbaycanda yaxşı idmançıların yetişəcəyinə ümid bəslədiyini dilə gətirdi.
Milli.Az