"Qadınlar kişilərlə birlikdə çiyin-çiyinə..." - FOTO

16 İyun 2019 23:30

Əli Məmmədzadə: Əgər biz özümüzü uşaqların yerinə qoymasaq, diqqətlərini cəlb edəcək tamaşa hazırlaya bilmərik

Milli.Az kaspi.az-a istinadən yazını təqdim edir.

1-5 iyun tarixlərində Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə I Lənkəran Beynəlxalq Teatr Festivalı keçirildi. Adından da göründüyü kimi, beynəlxalq festivala xarici teatrlardan da qonaqlar təşrif buyurmuşdu. Diqqətimizi çəkən qonaqlardan biri İran teatrı oldu. İran İslam Respublikasının Parsabad şəhərindən təşrif buyurmuş "Muğan-Hünər" teatrının Əli Bərnunun eyniadlı əsəri əsasında hazırladığı "Qırmızı və Vız-vızı" tamaşası böyük maraq doğurdu. Tamaşadan sonra iranlı rejissor, aktyor Əli Məmmədzadə ilə İran teatrlarının bu günündən danışıb, dünəninə bir nəzər saldıq. O, söhbətimizə "Böyük Allahın adı ilə" deyərək başladı. 
 
- Bu sizin Azərbaycana ilk səfərinizdirmi?

- Azərbaycan bizim üçün çox dəyərli və bir o qədər də önəmli bir məmləkətdir. Çünki biz müştərək bir mədəniyyətə, dinə, dilə malikik. Azərbaycanın mədəniyyətini, teatrını, kinosunu, musiqisini izləyir və uğurları ilə fəxr edirik. Bizi isə bir-birimizlə görüşdürən bu kimi festivallardır. Belə festivallar çərçivəsində artıq 3-cü dəfədir ki, Azərbaycana gəlirəm. Festival nəticəsində biz qardaşlarımızla bir araya gəlib fikir mübadilələri aparırıq. Biz nəinki Şimaldakı qardaşlarımızla görüşüb onlarla gözəl gün keçirir, eyni zamanda yaradıcılıq mübadiləsi aparırıq.  
12 il bundan qabaq böyük şair və mütəfəkkir İmadəddin Nəsimidən bəhs edən "Ənəl həqqin boğulan səsi" tamaşası ilə Lənkəranda, Bakıda, Sumqayıtda çıxışlarımız olmuşdu. Bir il bundan öncə isə Lənkəran Dövlət Dram Teatrında "Canavar" tamaşasını nümayiş etdirmişdik. İndi də belə mötəbər festivalda iştirak edirik. 
 
- İran teatrlarının bugünkü vəziyyətini necə xarakterizə edərsiniz?

- Hazırda İran mədəniyyəti öz inkişaf dövrünü yaşayır və ölkədə fəaliyyət göstərən teatrlarda bu özünü məxsusi şəkildə göstərir. Bilmirəm, siz bunu sərhədin bu tayından hiss edə bilirsiniz, yoxsa yox? İranda teatrlara peşəkar səviyyədə yanaşırlar. İranın özündə hər il müxtəlif səpkidə teatr festivalları keçirilir, gözəl tamaşalar hazırlanır. Hansı ki, bu tamaşalar dünya standartlarından heç də geri qalmır. Və hazırlanan tamaşalar da təkcə İranda deyil, dünyanın bir çox ölkələrində nümayiş olunur ki, bu da İran teatrının inkişafına xidmət göstərir. Düzdür, İranda bəzi məsələlər üzrə çatışmazlıqlar da özünü göstərir.
 
- Nə kimi çatışmazlıqlar?

- Siyasi baxımdan olan bəzi qadağalar teatrın inkişafına çətinliklər yaradır.
 
- Daha çox qadın aktrisaların səhnəyə başı bağlı çıxmaları ilə bağlı problem yaranır?

- Yox, bunlar artıq həll olunmuş məsələdir. Biz bütün bunları qəbul etmişik. İnsanın qarşısına hər hansı məhdudiyyət qoyulanda müxtəlif yollar, üsullar axtarmağa başlayır və hətta tapır da. Artıq biz bu proseslərə öyrəşmişik. 
 
- Qadınların teatr səhnəsinə çıxmasına hər hansı məhdudiyyətlər qoyulurmu?

- İndi İranda qadınlar kişilərlə birlikdə çiyin-çiyinə səhnədə özünü göstərə bilirlər. Biz İslam ölkəsiyik və təbii ki, İslamda müəyyən qadağalar var. Ancaq bunun bizim teatr səhnəmizə heç bir aidiyyəti yoxdur. Bizə qadağan olunan məsələləri ayrı yollarla göstərməyə çalışırıq. 
 
- İranda musiqinin teatrda rolu nə qədərdir?

- Biz tamaşada ritmə çox inanırıq. Çünki musiqi tamaşanın əsas hissəsini idarə edir. Musiqi bizə yaxşı təsir göstərir. Hətta elə olur ki, bir tamaşanı musiqinin üzərində qururuq. Hətta biz tragediyanı da ritm üzərində qururuq və bunun da müsbət nəticəsini görürük.
 
- Azərbaycan teatrlarında hazırlanan tamaşalarla müqayisə etdikdə hansı qənaətə gəlirsiniz?

- Keçmişlə müqayisə etdikdə müəyyən çatışmazlıqların olduğunu, bunun mənbəyinin haradan qaynaqlandığını  bilmirəm. Misal üçün, musiqi sahəsində çox yaxşı inkişaf etmisiniz və bu mövzuda biz sizinlə fəxr edirik. Ancaq bəzi məqamlarda musiqidən düzgün istifadə edilmir. Belə ki, filmlərdə ritmin aşağı səviyyədə görünməyi işə zərər yetirir. Ümumi götürdükdə, siz işə böyük maliyyə, zaman, çox insanlar cəlb edirsiniz. Bu sizin işə çox ciddi yanaşmağınızdan xəbər verir. Sadəcə olaraq, insanları fikir cəhətdən hazırlamaq lazımdır. Bizim qardaşlarımız çox istedadlıdırlar. Ancaq bəzən görürsən ki, ssenaridə müəyyən çatışmazlıqlar olur.
 
- XXI əsrdə uşaqları nə ilə təəccübləndirirsiniz?

- Çalışırıq dünyaya onların gözü ilə baxaq. Əgər biz özümüzü onların yerinə qoymasaq, diqqətlərini cəlb edə biləcək maraqlı tamaşa hazırlaya bilmərik. İlk növbədə biz özümüzü uşaq hesab edirik, onlarla zaman keçirərək nəyə daha çox maraq göstərdiklərini öyrənməyə çalışırıq. Sonra onların maraq dünyalarına uyğun tamaşalar hazırlayırıq. Çalışırıq ki, uşaqları uydurduğumuz nağıla inandıraq. Hamımızın evində uşaq böyüyür və biz onların dünyası ilə evimizdəki uşaqların vasitəsi ilə daha rahat tanış olmaq imkanı əldə edirik. Onların nə istədiklərini, nəyə daha çox maraq göstərdiklərinə bələdik. Biz aktyor olmaqdan əlavə həm də evdə bir valideynik. Zaman dayanmır, dünya inkişaf edir və bu inkişaf getdikcə uşaqlar da dəyişir. Heç birimiz buna mane ola bilmərik. Buna görə də uşaqlara belə bir cəmiyyətdə özlərini necə qorumaq lazım olduğunu göstərməliyik. 
 
- Festivalda nümayiş etdirdiyiniz "Qırmızı və Vız-vızı" tamaşasında siyasi məqamlar da var idi. Belə mesajlar olan tamaşanı hazırlamaq müəyyən problemlər yaratmırmı?

- İran öz vətəndaşlarına sərt qadağalar qoyan bir dövlət deyil. Hər bir ölkədə qayda pozanın cərimələri var. Biz İslam ölkəsi olaraq o qayda-qanunlara tabeyik. Daha sərt qadağalar əvvəllər olub, indi isə belə qadağalar yoxdur. İran çox modern ölkədir. Təəssüf ki, xaricdə, sosial medialarda İran haqqında yanlış imic formalaşdırılıb. Biz bu tamaşa ilə dünyanı sülhə dəvət edirik. Yəni dinindən, dilindən, mənsubiyyətindən asılı olmayaraq hamımız insanıq. Dünyada müharibə olmasın, insanlar bir-birlərinə nifrət etməsinlər. Niyə xırda məsələlərdən ötrü bu qədər münaqişələr yaransın? Biz bunları çatdırmağa çalışırıq. O ki qaldı sualınıza, hər bir ölkədə teatrlar hər hansı tamaşaya səhnə həlli verirlərsə, səhnəyə çıxmazdan əvvəl ona bir neçə dəfə baxış keçirilir. Hazırlanan hər bir tamaşa öz ölkəsinin maraqlarını qorumalıdır. Bu həmin ölkədə yaşayan hər bir şəxsin borcudur. 
 
- İran teatrının dünya teatr prosesində yeri haradadır?

- Təxminən hansı pillədə olduğunu deyə bilmərəm. Ancaq dünya teatr prosesində heç də axırıncı yerdə deyilik. Hətta deyərdim ki, ilk sıralarda yer alırıq.  
 
- Tamaşanızda daha çox musiqiyə önəm verildiyinin şahidi olduq. Tamaşanın keyfiyyətli alınması üçün musiqinin rolu nə qədərdir?

- Hər teatrın özünün peşəkar bir musiqi tərtibatçısı var. Rejissorla musiqi tərtibatçısı sıx bağlıdır və dəfələrlə oturub pyesi incələyirlər. Bəzən tamaşa üçün musiqini özləri bəstələyirlər və hazır musiqilərdən istifadə edilmir. Tamaşanın yaxşı alınması üçün musiqinin üzərinə böyük yük düşür. 
 
- Tamaşanızda musiqiyə diqqət etdikdə, meyxana üslubunda səslənən mahnılar da az deyildi. 

- Uşaq tamaşalarında musiqi seçərkən daha çox onların başa düşə biləcəyi sözlərdən istifadə edirik. Bu dəfə belə bir üsuldan istifadə etdik, çünki belə daha şirin və aydın səslənir. 
 
- Tamaşa zamanı musiqilər canlı səslənir?

- Teatr canlı sənət növüdür. Çox zaman tamaşa zamanı musiqilər ifa edirik və bu, tamaşaya canlılıq qatır. Biz çox az hallarda fonoqramadan istifadə edirik. Ona görə də tamaşa hər dəfə səhnəyə çıxanda, sanki yeni bir tamaşa göstəririk. Çünki tamaşalar bir-birinə bənzəmir. 
 
- Bu festivallar sizə nə qazandırır?

- İlk növbədə qardaşlarımızı gördük, onlarla söhbət etmək imkanı qazandıq. Onlar da bizi tanıdı, əlaqələrimiz yarandı. Ümumiyyətlə, bu festivallar bizlərə çox şey qazandırır. Sərhəddən bu tərəfdə olan doğmalarımızın teatrlarında gedən proseslərdən xəbərdar oluruq. Bəzən onlar bizdən, bəzən də biz onlardan bəhrələnirik. Bunu bir dərs kimi qəbul edirik. İnsanların nədən daha çox xoşlandıqlarını öyrənirik. 
 
- Tarixdən gələn ortaq milli-mənəvi dəyərlərimizi qoruyub saxlaya bilirsinizmi?

- Bəli, bizim bayramlarımız çox möhtəşəm keçir. Novruz bayramında toplaşırıq. Öz adət və ənənələrimizi bizdən sonra yetişən gənclərə ötürürük. Biz ana dilimizə bağlı insanlarıq, həm bu dili qoruyuruq, həm də başqa dilləri öyrənməyə can atırıq. 
 
- Sizdə də fəxri adlar varmı?

- Bizdə 3 dərəcə var. İllər ötdükcə dərəcələrin artır və bu adları almaq hər adamın işi deyil. Bizdə kiməsə ad vermirlər. Əgər sən yaxşı aktyor olmaq istəyirsənsə, onu alırsan. 30 ildir ki, bu sənətdə çalışıram və hələ indi özüm haqqında bütün materialları toplayıb nazirliyə göndərmişəm. 

Milli.Az