Qrajina Ramanauskayte: "Bakı Beynəlxalq humanitar forumu - yüksək səviyyəli tədbirdir"

24 Oktyabr 2011 18:18
Oktyabrın 10-11-də keçirilmiş Bakı beynəlxalq humanitar forumu - yüksək səviyyəli tədbirdir. Bu fikri AzərTAc-ın müxbirinə Litvanın ELTA informasiya agentliyinin direktoru Qrajina Ramanauskayte demişdir. O qeyd etmişdir ki, tədbirdə bütün dünyadan siyasətçilər elm, təhsil, mədəniyyət xadimləri iştirak etmişlər. Forumda qloballaşma prosesində bəşəriyyətin üzləşdiyi problemlər müzakirə olunmuş, onların həlli yolları araşdırılmışdır.

Forum günlərində Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc və Litvanın ELTA agentliyi arasında əməkdaşlığa dair saziş imzalanmışdır. Q.Ramanauskayte qeyd etmişdir ki, saziş informasiya və fotoinformasiya mübadiləsi, professional təcrübənin öyrənilməsi məqsəd ilə hər iki agentlik əməkdaşlarının qarşılıqlı yaradıcılıq ezamiyyətini nəzərdə tutur. ELTA-nın baş direktoru demişdir: "İnformasiya sahəsində əməkdaşlıq Azərbaycan və Litva ictimaiyyətini ölkələrimizdə siyasət, biznes, mədəniyyət, idman sahələrində baş verən mühüm hadisələr barədə məlumatlandırmaq deməkdir. O həmçinin qeyd etmişdir ki, bu, forum vaxtı imzalanan yeganə saziş deyildir. Litva və Azərbaycan Elmlər Akademiyaları da əməkdaşlığa dair müqavilə imzalamışlar.

Qrajina Ramanauskayte demişdir: "AzərTAc-ın baş direktoru Aslan Aslanovun dəvəti ilə agentlikdə oldum. Həmkarlarımla görüş zamanı əməkdaşlıq məsələləri geniş müzakirə olundu, Litva və Azərbaycan ictimaiyyətinin ölkələrimizin həyatı barədə operativ və dəqiq məlumatla təmin olunmasının vacibliyi qeyd olundu".

Azərbaycan haqqında təəssüratlarını bölüşən baş direktor vurğulamışdır: "Bu mənim Azərbaycana birinci səfərimdir. Bakı çox gözəl, bənzərsiz şəhərdir, burada qədim binalar və müasir arxitektura bir-birini çox ahəngdar tamamlayır".

Milli.Az