Türkiyədən Qarabağ mesajı
11 Aprel 2010 17:13
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfərə yola düşməzdən əvvəl İstanbulun Atatürk hava limanında keçirdiyi mətbuat konfransında bildirib ki, Vaşinqtonda Birləşmiş Ştatların prezidenti Barak Obama ilə görüşündə müzakirə olunacaq ən mühüm məsələ Ermənistanla bağlı problemdir. Xüsusi təmsilçi kimi xarici işlər nazirinin müavini Firudin Sinirlioğlunu Ermənistana və Azərbaycana göndərdiyini xatırladan Rəcəb Tayyib Ərdoğan deyib ki, bütün bu proseslər çərçivəsində səylər ABŞ səfəri zamanı da davam edəcək.
"Biz, bölgədə sülhün və hüzurun təmin olunması üçün ATƏT-in Minsk qrupunun daha fəal olmasını və nəticə əldə olunacaq işlər görməsini istəyirik. Bu məsələni Obama və Medvedevlə müzakirə etdik. Son Fransa səfəri zamanı Sarkozi ilə də problemi geniş şəkildə müzakirə etmək imkanımız oldu. O, bu məsələni daha diqqətlə izləyəcəyinə dair bizə söz verdi. İndi, ABŞ-da bu liderlərlə keçirəcəyimiz danışıqlarda da müzakirələri davam etdirəcəyik", - deyə o vurğulayıb.
Türkiyə hökumətinin başçısı rəsmi Ankaranın qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyini təkrar edib, Ermənistanı bu məsələ ilə əlaqədar tarixçilərdən ibarət komissiya yaratmağa çağırıb.
/AzərTAc/