Rusiya Ermənistana yerini göstərdi

8 İyun 2019 14:09

"Gəlir, gəlir, diqqət!.." Rusiya prezidenti Vladimir Putin zala daxil olanda bu sözlər eşidildi. İyunun 7-də V.Putin Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Beynəlxalq İqtisadi Foruma qatıldı.

V.Putinin arxasınca Çinin lideri Si Szinpin, BMT-nin baş katibi Antoniu Qutyerriş, Slovakiyanın baş naziri Peter Pelleqrini, Bolqarıstanın prezidenti Rumen Radev gəlirdi. Sonda Ermənistanın baş naziri Nikol Paşinyan vardı.

O, gözlərini döyür, gülümsəyir, həmişə olduğu kimi, "böyük dövlətlərin böyük adamları"nın olduğu yerə qatılmaqdan həzz alırdı.

Aradabir də selfi çəkirdi.

Həmişəki kimi.

"Russia Today" telekanalanının jurnalisti Sofiko Şevardnadzenin moderatorluq etdiyi iclasda 6 nitq nəzərdə tutulmuşdu.

İlk əvvəl Vladimir Putin danışdı. Sonra zaldakılar Si Szipinin çıxışını dinlədilər. Daha sonra Rumen Radev Bolqarıstanın iqtisadi imkanlarından bəhs etdi.

Nikol Paşinyan yenə sona qalacağını anladığından BMT-nin baş katibini və Slovakiyanın prezidentini qabaqladı.

Onun üzündə elə bəxtəvərlik ifadəsi vardı ki, sanki, Ermənistan bütün problemlərini həll edib, Paşinyan BMT-yə yeni sədr seçilib, Slovakiyada da referendum keçirilərək Ermənistana birləşməyə qərar verilib.

Boğazını arıtlayan N.Paşinyan Ermənistandan, daha doğrusu, onun aləmində var olan Ermənistandan danışdı. O Ermənistandan ki, real Ermənistandan yerlə-göy qədər fərqlənir.

N.Paşinyanın nitqi az qala büsbütün Ermənistan iqtisadiyyatına sərmayə yatırmağın vacibliyinə həsr olunmuşdu. Deyiləndən belə nəticə hasil olurdu ki, sanki, ermənilərin bivec idarəetmə sistemli, iflic durumundakı iqtisadiyyatına pul yatıranlar indulgensiya alacaqlar, onların Tanrı qarşısında bütün günahları bağışlanacaq, savaba batacaqlar və heç çıxmaq istəməyəcəklər.

Təbii ki, N.Paşinyan ampluasına sadiq qaldı, "bisavad görməmiş" imicini təsdiqlədi.

"Ermənistanı istedadlı insanlar üçün cənnətə çevirəcəyik. Bunu vəd edirəm", - söylədi N.Paşinyan.

Belə çıxır ki, Ermənistan istedadı olmayan ermənilər, yəni orta statistik "hay"lar üçün cəhənnəmə çevriləcək.

Təbii ki, əvvəl səhnədəkilər qımışdılar, sonra zaldakılar gülməyə başladı.

N.Paşinyan isə simasına idiotik xoşbəxtlik görkəmi verərək baş verənləri razılıqla seyr edirdi.

Paşinyanın qorxaq etirafı

Nikol Paşinyan bu arada sola baxanda V.Putinin nəzərlərindəki sərt gözləntini gördü, anladı və...

Və dedi: "Avropa İttifaqına doğru heç bir meylimiz, hərəkətimiz yoxdur. Haradayıqsa, orada qalmışıq. Avropa İttifaqı ilə təmaslar, danışıqlar və müzakirələrlə bağlı Rusiya Federasiyası, rusiyalı tərəfdaşlarımız qarşısında şəffafıq. Təbii, Ermənistanın təhlükəsizliyi ilə bağlı bəzi nüanslar var".

Toplantının moderatoru Sofiko Şevardnadze "Avropa İttifaqı ilə əməkdaşlıq sazişi imzalayandan sonra Ermənistan qarşısında Avrasiya Birliyini tərk etmək tələbi qoyula bilərmi?!" soruşdu.

Az qala çeçəyən N.Paşinyanın tələsik cavabı belə idi: "Ermənistan başqa ölkələrin geosiyasi oyunları üçün meydan olmayacaq. Belə oyunlar bizə heç bir xeyir verə bilməz. Avrasiya Birliyinə, habelə MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına daha sıx, daha dərindən inteqrasiya üçün var qüvvəmizlə çalışacağıq. Bundan başqa, Avropa İttifaqı ilə tərəfdaşlıq Avrasiya Birliyində üzvlüyümüzə əsla mane olmur".

Ermənilərin "yeni nə isə"si və yeni hücumu

Ermənistanın baş naziri Nikol Paşinyan srağagün Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiyanın prezidenti Vladimir Putinlə görüşüb. Onun dediyinə görə, əsas müzakirə mövzusu Rusiyanın Ermənistana silah, sursat və hərbi texnika satışları olub.

"Hərbi-texniki sahədə yaxşı əməkdaşlıq edirik və təbii, müəyyən anlaşmalarımız var. Düşünürəm ki, bu sahədə münasibətlərimiz plana uyğun, mərhələlərlə inkişaf edir", - N.Paşinyan söyləyib.

O, daha sonra bildirdi ki, Putinlə söhbət zamanı Rusiyanın Ermənistana yeni "İsgəndər-E" operativ-taktiki raket komplekslərinin satışı da müzakirə olunub.

Ermənistanda "İsgəndər"lər var və ermənilər yeni batareyalar almaq fikrindəymiş.

Paşinyan təşəxxüslə deyib: "Yetərincə "İsgəndər"lərimiz var. Amma yeni nələrsə almaq istəyirik. Balaca olmayan nəsnələr".

Ermənistanın baş naziri "nə isə" deyəndə konkret olaraq hansı tip silahları və hərbi texnikanı nəzərdə tutduğunu dəqiqləşdirməyib.

Fəqət, müəyyən informasiyalar və məlumatlar var. Rusiya Ermənistana silah almaq üçün 100 milyon dollarlıq güzəştli kredit ayırmışdı. Həmin kredit hesabına ermənilər Rusiyadan "Smerç" reaktiv artilleriya sistemləri, "İqla-S" zenit-raket kompleksi, TOS-1A odpüskürən sistemləri və "Tiqr" zirehli avtomobillərini alıblar.

Nikol Paşinyan bunları demək istəməyib.

Necə ki, o, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesində Xankəndidəki terrorçu-separatçı rejimin mövqelərini də açıqlamaq istəməyib.

Ermənistan mediasının mənsublarının suallarını cavablayarkən N.Paşinyan qarabağlı ermənilərin "karabaxtsi" klanına qarşı hücumu davam etdirmək fürsətini də əldən verməyib.

N.Paşinyanın sözlərinə görə, o, hakimiyyətə gələnədək Dağlıq Qarabağı "idarə edən"lərin danışıqlar prosesindən, ümumiyyətlə, xəbəri olmayıb.

"Qarabağın və Ermənistanın hərbi-siyasi rəhbərliyi ilə bir neçə dəfə görüşdüm, Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqelərimi onlara açıqladım. Onlardan soruşdum ki, mövqelərimlə razıdırlarmı. Məlum oldu ki, hamısı razıdır. Və bu razılaşmadan sonra həmin masanın arxasında oturmuş adamlar əlaltından intriqalara başlayanda, "Ermənistan hökuməti torpaqları satır" deyəndə məndə sual yaranır. Danışıqlar prosesində hansı addımlar ataraq irəliləyəcəmizi bu adamla məxfilik şəraitində müzakirə etdim. Sonra həmin adam çıxır, yardımçısına deyir ki, Facebook-da yazsın: "Paşinyan torpaqları satır". Axı niyə, nə üçün belə edir?!" - Paşinyan deiyb.

Dağlıq Qarabağdakı xuntanın rəhbəri Bako Saakyanı nəzərdə tutan N.Paşinyan daha sonra söyləyib: "Bu adamın yaxın dostu Ermənistanda prezident olanda Qarabağla bağlı danışıqlar barədə heç bir məlumatı yoxdu. Çünki baş verənlər haqqında o adama heç kim səlis informasiya vermirdi. Danışıqlar prosesinin gedişatı ilə bağlı sənədləri Qarabağdakılara mən verdim. Həmin vaxtadək onlar, ümumiyyətlə, danışıqlarda nələrin müzakirə olunmasını bilmirdilər. Və indi yardımçıları vasitəsilə sosial şəbəklərdə "Ermənistandakı antimilli hakimiyyət"dən yazırlar".

Paşinyan "Malades, sabak!" eşitməyi arzulayır

Avropa İttifaq ilə münasibətlərin yerində saydığı dönəmdə Avrasiya Birliyi və KTMT ilə əlaqələri "dərinləşdirmək" niyyətindən bəhs edən, vəd verən Nikol Paşinynın bu açıqlamaları onun Rusiyadan çox sərt, özü də yetərincə konkret xəbərdarlıq aldığını göstərir.

Ermənistanın baş naziri faktiki olaraq xarici siyasətdəki prioritetlərini bəyan etməyə vadar olundu.

Qərbin hazırladığı və reallaşdırdığı "küçə inqilabı"ndan sonra hakimiyyətə gələn Nikol Paşinyan Rusiya ilə aşkar qarşıdurmadan çəkinsə də, ən önəmli postlara Qərbə meylli adamlarını təyin edirdi. Məsələn, 2018-ci ilin mayında o, Ermənistanın Təhlükəsizlik Şurasının katibi postuna "Transparency International" təşkilatının eksperti, publisist Armen Qriqoryanı təyin etdi. Beləcə, ABŞ-ın kreaturası olan A.Qriqoryan Ermənistanla Rusiya arasındakı hərbi əməkdaşlıqla bağlı ən məxfi sənədlərə çıxış əldə etdi.

Bundan başqa, Ermənistanın devrilmiş prezidenti Serj Sarqsyanın təsir imkanlarının azaldılmasına yönəlmiş kampaniya çərçivəsində N.Paşinyan ölkədə Rusiyaya mənsub olan şirkətləri yoxlamağa, Rusiya ilə çox sıx əlaqələri olan hərbi, siyasi və biznes elitasının tanınmış mənsublarına qarşı cinayət işlərinin açılmasına göstəriş verdi.

Rusiyadan siyasi-iqtisadi asılılığın aradan qaldırılması, hətta Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasının ləğv edilməsi ilə bağlı Ermənistanda çağırışlar da son vaxtlar xeyli intensivləşib.

KTMT-nin baş katibi, general Yuri Xaçaturovla sabiq prezident Robert Köçəryanın həbsləri və dindirilmələri də Rusiyanın qəzəbinə səbəb olub.

N.Paşinyan Qərbə güvənərək belə davranır.

Halbuki Qərb onun ümidlərini alt-üst edəcək.

Çünki Avropa Birliyinin müxtəlif ölkələrinin rəhbərləri ilə münasibətlər qurmaq, onlardan yardım almaq istəkləri puça çıxan N.Paşiyan sərt reallıqla üzləşib.

Avropa İttifaqının funksionerlərinin, Avropanın beynəlxalq strukturlarının rəhbərləri ilə funksionerlərinin Ermənistana "dəstək" bəyanatları elə bəyanat olaraq qalıb. Avropa İttifaqı ölkələri Ermənistanla sıx tərəfdaşlıqda maraqlı da deyillər: ermənilərin iqtisadiyyatının həcmi çox kimi, vəziyyəti bərbaddır.

N.Paşinyanın "küçə"yə ünvanlanmış xitablarla müşayiət olunan, irreal və mücərrəd "iqtisadi islahatlar planı" isə heç bir halda potensial investorları cəlb edə bilməz.

Paşinyan indi Qərblə Rusiya arasında manevr etməyə çalışır.

Alınmayacaq, çünki bunu nə Robert Köçəryan, nə də Serj Sarqsyan edə bilməmişdi.

Elçin Alıoğlu
Milli.Az