Azərbaycanda mənzili obyektə necə çevirmək olar?

24 Oktyabr 2011 09:00
Son illər Azərbaycanda, xüsusilə Bakının daşınmaz əmlak bazarında baş verən ən böyük dəyişikliklərdən biri də birinci mərtəbədəki mənzillərin obyektlərə çevrilməsidir. Bir vaxtlar əhalinin maraq göstərmədiyi birinci mərtəbələr indi ən yaxşı ərazi sayılır. Hətta son illər birinci mərtəbədəki mənzillərin obyektə çevrilməsi imkanları bu mənzillərə tələbatı və onların qiymətini artırıb. Bəs vətəndaşın yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün nə etmək lazımdır?

Ekspertlər deyirlər ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə Mənzil Məcəlləsinin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərtilə yol verilir. Daşınmaz əmlak bazarını araşdıran ekspert Nüsrət İbrahimov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsi orada yaşayan sakinlərin yaşayış şəraitini pisləşdirməməsi şərtilə mümkündür. Yaşayış sahəsinin səs-küylü, iy-qoxu gələn, partlayış və yanğın təhlükəli obyektlərə çevrilməsi qəti qadağandır.

Ekspert hesab edir ki, qeyri-yaşayış sahəsinin girişi sakinlərin mənzillərinə girişi ilə üst-üstə düşməməlidir:

"Obyektlər əsasən birinci mərtəbədə yerləşməlidir, xüsusi halda ikinci mərtəbənin qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə verilir. Ancaq bu halda alt mərtəbədə yaşayış olmamalıdır. Bütün hallarda sakinlərin və yerli icra hakimiyyətinin razılığı olmalıdır".

Hansı hala əsasən yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçməyə icazə verilmir?

Ekspert deyir ki, yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin.

Bakı Şəhər İcra Hakimiyyətinin hüquq şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, mənzillərin 1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi istifadə edilə bilər. Bunun üçün Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə sənədləri razılaşdırmaq və əsaslandırmaq lazımdır. Sonra həmin sənədlər Fövqəladə Hallar Nazirliyinə göndərilməlidir ki, həmin sahə qeydiyyata götürülsün.

Şöbədən o da deyildi ki, yuxarı mərtəbənin qeyri-yaşayış sahəsinə keçirilməsi bir az çətindir: "2-ci və yuxarı mərtəbələrdən yalnız aşağı mərtəbədə yaşayış olmadıqda qeyri-yaşayış sahəsi kimi istifadə edilə bilər. Yaxud da əgər bir vətəndaş 2-ci və ya ondan yuxarıdakı mərtəbədə olan mənzilində yaşamaq əvəzinə, hər hansı bir iş qurmaq, ofis açmaq, istehsal müəssisəsi yaratmaq və sairə ilə məşğul olmaq istəyirsə, bundan ötrü o sanitar-gigieniya, ekologiya və digər müvafiq instansiyalardan, o cümlədən də qonşulardan razılıq almalıdır. Bu zaman mənzil qeyri-yaşayış sahəsinə keçən kimi onun qazı kəsilməlidir".

Əmlak Məsələləri Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə portalımıza açıqlamasında bu məsələlərin icra hakimiyyətləri tərəfindən həyata keçirildiyini vurğuladı: "İcra hakimiyyətləri prosesi həll edib bizim komitəyə sənəd göndərir. Yalnız bundan sonra biz sənəd veririk".

Anar Məmmədov
Milli.Az