Azərbaycan millisinin üzvü rəsmən İngiltərə klubunda

26 May 2019 17:27

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Serhat Taşdemir özünə yeni klub tapıb.

Milli.Az Komanda.az-a istinadən xəbər verir ki, o, növbəti mövsümdən İngiltərənin Birinci Liqasında (səviyyəcə üçüncü) çıxış edən "Piterboro Yunayted" klubunda çıxış edəcək.

Artıq 19 yaşlı yarımmüdafiəçi yeni klubu ilə müqavilə bağlayıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar.

"Blekbern Rovers" akademiyasının məzunu olan Taşdemir yeni klubuna Milli Liqa (səviyyədə beşinci) komandası "Fayld"dan keçib. Yeniyetmə futbolçu 2018/19 mövsümündə 27 oyuna 5 qol vurub. "Piterboro" isə mövsümü 46 oyundan 72 xalla 7-ci pillədə başa vurub.

Qeyd edək ki, Serhat Taşdemir ilk dəfə Azərbaycanın U-19 yığmasına bu ilin yanvarında dəvət olunub.

Milli.Az