"Siyasi repressiya qurbanları muzeyi"nin açılışı olub - FOTO

24 May 2019 19:00

Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında "Siyasi repressiya qurbanları muzeyi"nin açılışına həsr olunmuş tədbir keçirilib.

DSX-dən Milli.Az-a verilən məlumata görə, tərbirdə Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Mədət Quliyev, Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri Ramiz Rzayev, Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini Rüstəm Usubov, Azərbaycan Respublikasının Hərbi Prokuroru general-leytenant Xanlar Vəliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Azərbaycan xalq yazıçısı Çingiz Abdullayev, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, Azərbaycan Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Aydın Mirzəzadə, Əflatun Amaşov, Aqil Abbas və digər rəsmi şəxslər iştirak ediblər.

Tədbirdə general-polkovnik Elçin Quliyev, Əbülfəs Qarayev, Anar, Yaqub Mahmudov və general-polkovnik Mədət Quliyev çıxış etmişlər. Çıxışlarda muzeyin ekspozisiyasının Azərbaycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirməsi, 1920-1950-ci illərdə dövlətin apardığı siyasət nəticəsində on minlərlə ictimai və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndələrinin, sıravi vətəndaşların repressiyaya məruz qalması xüsusi qeyd edilmişdir.

1950-ci illərin ikinci yarısında siyasi rerpessiya qurbanlarına bəraət verilməsinə baxmayaraq bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulması, yalnız müstəqilliq illərində - 15 mart 1996-cı il tarixdə Dahi Öndər Heydər Əliyevin imzaladığı "Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında" Azərbaycan Respublikası Qanununda bu hadisələrə ilk dəfə hüquqi qiymət verilməsi bildirilmişdir.

Azərbaycan tarixinə bir sərhədçi töhfəsi olaraq Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində DSX-nin inzibati binasında "Siyasi repressiya qurbanları muzeyi"nin yaradılması 1925-ci ildən sonra bu binada dövlətin əsas repressiv orqanlarının fəaliyyət göstərməsi ilə bilavasitə əlaqədardır. Binanın zirzəmisində həbs olunanların saxlanılma kameraları, istintaq otaqları, ölüm hökmü çıxarılanların güllənməsi yerləri mövcud olmuşdur. Muzeyin yaradılmasında əsas məqsədlərdən biri də repressiya qurbanlarının xatirəsinə ehtiram və yaxın keçmişimizin qanlı səhifələri haqqında gənc nəslin nümayəndələrinin düzgün məlumatlandırılmasıdır.

Muzeyin ekspozisiyasının əsasını Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, Milli Arxiv İdarəsinin Dövlət və Kino-Foto arxivlərində, Dövlət Təhlükəsizlik Xidmətinin arxivində saxlanan sənədlər və fotoşəkillər, həmçinin yerli sənətkarların hazırladıqları kompozisiyalar təşkil edir. Bir sıra sənədlər Rusiya arxivlərindən əldə olunmuş, Qazaxıstan "ALJİR" siyasi repressiya müzeyi tərəfindən təqdim olunmuşdur. Muzeyin ekspozisiyasının hazırlanmasına Mədəniyyət Nazirliyi və A.Bakıxanov adına Tarix İnstitutu tərəfindən də köməklik göstərilmişdir.

Müzeyin əsas zalında "Danışan sənədlər" adlanan lövhədə repressiyanın həyata keçirilməsi ilə bağlı 1920-1930-cu illərdə qəbul edilmiş sənədlərin surətləri verilmişdir. Azərbaycanda repressiyanı "qanunlaşdıran" ilk sənədlərdən biri kimi Bakı şəhər komendantının 26 may 1920-ci il əmri daha çox diqqəti cəlb edir. Əmrdə əks olunmuş "Hansı evdən güllə atılsa, həmin ev top atəşinə tutulacaq, 16 yaşından 50 yaşına qədər olan hər kəs mühakiməsiz güllələnəcək. Siqnal və yaxud nişan verənlər tutulduqları yerdə gülləbaran ediləcəklər" müddəası xalqımıza qarşı xüsusi amansızlığı açıq-aydın nümayiş etdirir. Diqqəti çəkən daha bir sənəd SSRİ Mərkəzi İcraiyyə Komitəsinin 1 dekabr 1934-cü il tarixli qərardır. Bu qərara görə terror aktlarına görə cinayət işlərinin istintaqı və baxılması on gündən artıq olmayan müddətdə başa çatdırılmalı, dindirmələr tərəflərin iştirakı olmadan aparılmalı idi. Bu işlər üzrə hökmlərdən kassasiya şikayəti, həmçinin əfv haqqında vəsatətlərə yol verilmirdi, ölüm cəzası haqqında hökm qəbul edildikdən sonra dərhal yerinə yetirilirdi.

Muzeyin əsas zalında yerləşdirilən lövhələrdən biri rerpessiyaya məruz qalmış azərbaycanlı hərbi xadimlərə həsr olunub. Burada həm Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidmət etmiş generallar - Həbib bəy Səlimov, Firudin bəy Vəzirov, Süleyman bəy Sulkeviç, İbrahim ağa Usubov və digərləri, həm də sovet Azərbaycanının hərbiçiləri - generallar Cəmşid Naxçıvanski və Qambay Vəzirov, polkovniklər Qalib Vəkilov, Məmməd Veysov, Seyfulla Mehtiyev və başqaları haqqında məlumat və fotoşəkillər verilmişdir.

Növbəti lövhə 1920-ci ilin yanvarında təhsil almağa və təhsillərini davam etdirmək üçün Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Avropaya göndərilən gənclərin təhsillərini başa vurub Vətənə qayıdandan sonra məruz qaldıqları repressiyalara həsr edilib. Belə ki, Vətənə dönmüş 56 ali təhsilli mütəxəssisin 38-i güllələnib və ya sürgün edilmişdir.

Siyasi repressiya qurbanı olan qadınlara həsr olunmuş lövhədə güllələnmiş beş qadın - Xədicə Qayıbova, Mədinə Qiyasbəyli, Nemət Məlikova, Panfiliya Tanailidi və Ayna Sultanova, həmçinin güllələnmiş "xalq düşmənlərinin" islah-əmək düşərgələrinə sürgün olunmuş həyat yoldaşları haqqında məlumatlar verilmişdir. Lövhədə qadınların həbsi və cəzası ilə bağlı sənədlərin surətləri yerləşdirilmişdir. Tanınmış şair Əhməd Cavadın həyat yoldaşı Şükriyyə Axundzadənin himayəsində dörd azyaşlı uşaq olmasına baxmayaraq, sürgün edilməsi haqqında sənədin surəti də lövhədə yer almışdır. Qadınların repressiyasına həsr olunmuş daha bir lövhədə Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsində (АЛЖИР - Акмолинский Лагерь Жен Изменников Родины) cəza çəkmiş 44 azərbaycanlı qadın haqqında məlumat verilmişdir.

Ayrıca bir lövhə böyük dramaturq və şair Hüseyn Cavidə həsr edil­mişdir. Təqdim olunan sənədlərdə dahi mütəffəkirimizin sovet dö­nə­min­də üzləşdiyi repressiyalar ifadə olunmuşdur. Növ­bəti löv­hədə Azər­bay­can ziyalıların məruz qaldıqları repressiyalar­dan bəhs edi­lir. Bu­­rada şair Mikayıl Müşviq, pedaqoq Tağı Şahbazi, aktyor Abbas Mir­zə Şərifzadə və digərlənin güllələnməsi barədə akt­ların və arayışların surətləri nü­mayiş olunur.

Muzeydə azərbaycanlıların Ermənistandan deportasiyasına xüsu­si diq­qət ayrılmışdır. Müvafiq lövhədə yerləşdirilmiş sənədlər sonda azər­baycan­lı­­la­rın doğma torpaqlarından deportasiyası ilə yekunlaşan SSRİ rəhbər­liyinin xaricdə yaşayan ermənilərin Ermənistana köçmə­sinə dəs­təyi, Ermənistanda yaşayan azərbaycanlıların vəziyyətinə kifa­yət qədər diqqət ayırmaması siyasətindən xəbər verir. Həmin löv­hədə Sovet İtti­faqı Kommunist Partiyasının və SSRİ-nin icra orqanla­rının Azər­baycan­da yaşayan almanların və İran təəbəsi olan azərbay­can­lıların respub­likadan çıxarılması haqqında sənədlərinin surətləri də yer­ləş­dirilmişdir.

1920-ci ildən başlayan siyasi repressiyaların ilk qurbanları Azər­bay­can Xalq Cümhuriyyətinin tanınmış simaları - parlament və höku­mət üzvləri olmuşlar. Bir çox musavatçaların və ittihadçıların güllələnməsi və sürgün edilməsi barədə sənədlərin surətləri bolşeviklərin öz siyasi rəqib­lərinə nə qədər amansız olduğundan xəbər verir. Həmin illərdə Azər­bay­ca­nın qabaqcıl ziyalılarının məruz qaldıqları siyasi repressiyaların təşki­lində Azərbaycanın repressiv orqanlarında o dövrdə məsul vəzifələr tutmuş milliyyətcə erməni olan şəxslərin böyük rolunun olması da qeyd olunmuşdur.

Daha bir lövhə Azərbaycan Fövqəladə Komissiyasının (AzÇK) fəa­­­liy­yə­tinin ağır nəticələrinə həsr olunub. Təqdim olunan sənəd su­rət­ləri arasında SSRİ Ədliyyə Xalq Nazirliyinin təlimatçısı İvanovun 1934-1937-ci illərdə əsassız məhkum olunan kolxozçuların, MTS işçilərinin, kənd şuraları üzvlərinin və kənd fəallarının işlərinə yenidən baxılması təklifi ilə bağlı Azərbaycanın rəhbəri Mircəfər Bağırova müraciəti böyük ma­raq kəsb edir. Müraciətdə göstərilir ki, ilkin hesablamara görə Azər­baycanda həmin dövrdə göstərilən kateqoriyadan olan 32000 şəxsin məhkumluğu ilə nəticələnmiş 11000 cinayət işinə yenidən baxılma­lıdır.

Repressiya illərində bolşeviklərin siyasi məhbuslarla davranması ba­rədə ziyarətçilərdə təsəvvür yaratmaq məqsədi ilə muzeydə saxlama kameraları, karserlər, dindirilmə otağı, güllələnmə otağı tarixi rekon­st­ruk­siya üsulu ilə bərpa edilmiş­dir. Muzeyin dəhlizlərində qanunsuz həb­sə etirazı, azadlığa can atmanı simvolizə edən kompozisiyalar quraş­dırıl­­mışdır. "Repressiya burulğanı", "Ümid işığında" adlı kompozisi­yalar­da zindan həyatını yaşamış və Vətənindən didərgin edilmiş soydaş­la­rı­mı­zın keçirdikləri iztirab və əziyyətləri rəmzi formada ifadə olunmuşdur.

Muzey fəaliyyətə başladıqdan sonra Rusiya və Qazaxıstanda keç­miş islah-əmək düşərgələri və sürgün ərazilərində təşkil olunan si­yasi repressiya muzeyləri ilə əlaqə yaradılması, həmin düşərgələrdə cəza çək­­miş azərbaycanlılar haqqında məlumatların toplanılması və yenilən­miş ekspozisiyalar vasitəsilə ziyarətçilərin diqqətinə çatdırılması, si­ya­si repressiya qurbanlarının yaxın qohumlarının muzeyin işinə cəlb edil­məsi, qanunsuz təqib olu­nan şəxslərə məxsus sənədlərin və əşya­ların əldə olunması istiqa­mətində fəaliyyətin həyata keçirilməsi nəzərdə tu­tul­­muşdur.

Dövlət Sərhəd Xidməti muzeyin fəaliyyətinə kömək məqsədilə si­yasi repressiya qur­ban­la­rı­nın nəvə və nəticələrini, yaxın qohumlarını əməkdaşlığa dəvət edir, muzeyin fondlarının zənginləş­dirilməsinə töh­fə verə biləcək hər bir təşəbbüsü dəstəkləyir.

Milli.Az