Polis “Torqovı”da “Vor v zakone” yazılı köynəklə gəzənləri saxladı

24 May 2019 18:32

Səbail rayonunun Nizami küçəsində (Torqovı) üzərində kriminal avtoritet Rövşən Lənkəranskinin fotoşəkli olan, "Vor v zakone" yazılan köynəklərlə gəzən gənclər saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a DİN-in Mətbuat Xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.

Bildirib ki, hadisə ötən gün baş verib:

"Üç şəxs üzərində müxtəlif yazılar yazılmış köynəklər geyinərək küçədə gəziblər. Dərhal Səbail Rayon polis İdarəsinin Post-patrul Xidmətinin əməkdaşları vəziyyətə müdaxilə edərək həmin şəxsləri 9-cu Polis Şöbəsinə gətirib. 

İlkin araşdırma zamanı hər üç şəxsin yetkinlik yaşına çatmadığı müəyyən edilib və profilaktik söhbətlər aparılıb. Gələcəkdə də bu cür halların yolverilməzliyi onlara çatdırılıb və sərbəst buraxılıb".

Milli.Az